Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilmiş daha 30 ukraynalı uşaq artıq Bakıda müxtəlif görməli yerləri ziyarət edib və reabilitasiya proqramına başlayıblar.
Trend xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, uşaqlar İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi və Yanardağ abidəsini gəzərək həm Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar, həm də burada maraqlı vaxt keçiriblər.
Növbəti günlərdə onların qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərində iştirakları planlaşdırılır. Uşaqlar həmçinin Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcəklər.
Qeyd edək ki, Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri uğurla davam edir.