Bakı. Trend:
Yaponiya və Avropa İttifaqı (Aİ) kosmik sahədə ABŞ-dan texnoloji asılılığı azaltmaq məqsədilə ortaq peyk şəbəkəsi yaratmağı planlaşdırır.
Trend “Nikkei” qəzetinə istinadən xəbər verir ki, bu barədə razılaşmanın iyulun 23-də Tokioda keçiriləcək Yaponiya-Aİ sammitində təsdiqlənəcəyi gözlənilir.
Saziş layihəsinə əsasən, tərəflər kiçik peyklər qrupunun birgə istismarını nəzərdə tutur və dövlət-özəl tərəfdaşlığı formatında əməkdaşlığı genişləndirməyi planlaşdırır. Peyk şəbəkəsi iqlim dəyişikliyi, təbii fəlakətlərlə mübarizə, real vaxt rejimində məlumat mübadiləsi və strategiya planlaşdırılması kimi sahələrə xidmət edəcək.
Tərəflər həmçinin kosmik tullantılarla mübarizə, ortaq texnoloji standartların müəyyənləşdirilməsi və müdafiə sənayesində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
Yaponiya və Aİ rəqəmsal müstəqillik istiqamətində bu addımı atsa da, “Nikkei”nin qeyd etdiyi kimi, hazırda onlar bu sahədə ABŞ və Çindən xeyli geri qalır. Məsələn, yalnız İlon Maskın “SpaceX” şirkəti 40 min, Çin isə 10 min peyk buraxmağı planlaşdırır. Müqayisə üçün, Aİ 2030-cu illərin əvvəlinədək cəmi 290 peyk, Yaponiya isə 5-dən çox peyk buraxmağı hədəfləyir.
Bu səbəbdən sazişin Yaponiya və Aİ-nin texnoloji suverenliyini artırmaq üçün mühüm başlanğıc nöqtəsi olması nəzərdə tutulur.