Bakı. Trend:
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.