Bakı. Trend:
“Bakı Marafonu 2025”ə qeydiyyat başa çatıb. Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək marafona 27 min iştirakçı qeydiyyatdan keçib. Bu, ötənilki marafonlarla müqayisədə ən yüksək iştirakçı sayıdır.
Trend xəbər verir ki, “Küləyə qalib gəl”ənlər sırasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da olacaq. Yürüşdə fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirak edəcək.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun
marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və
prospektləri olmaqla, ümumilikdə 21 km məsafəni əhatə edəcək.
Marafon iştirakçıları qaçış zolağında kişi və qadın
kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Bununla
yanaşı, finişə çatan ilk 2000 iştirakçıya medallar, bütün marafon
iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə
isə sertifikatlar təqdim olunacaq.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncə zonası da yaradılacaq. Burada əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.