...

Beynəlxalq forum çərçivəsində “Qlobal Cənubun yüksəlişi: Bandung ruhu və suveren gələcək uğrunda mübarizə” mövzusunda panel sessiya keçirilib (FOTO)

Siyasət Materials 29 Aprel 2025 13:38 (UTC +04:00)
Beynəlxalq forum çərçivəsində “Qlobal Cənubun yüksəlişi: Bandung ruhu və suveren gələcək uğrunda mübarizə” mövzusunda panel sessiya keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq forum çərçivəsində aprelin 29-da “Qlobal Cənubun yüksəlişi: Bandung ruhu və suveren gələcək uğrunda mübarizə” mövzusunda panel sessiya keçirilib.

Trend xəbər verir ki, panel Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva və BMT eksperti Karlayl Korbinin moderatorluğu ilə keçirilib.

Paneldə çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatında (UNIDO) Strateji planlaşdırma və cənub əməkdaşlığı bölməsinin proqram əməkdaşı Pradeep Paulose bildirib ki, QHT-lər beynəlxalq inkişaf ekosistemi daxilində gələcək dövrləri formalaşdıra bilər və onlar mühüm bir missiyanı yerinə yetirirlər. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları gənclərin məşğulluğuna mane olan bacarıq boşluqlarını və sahibkarların birinci əl bazarla bağlı üzləşdiyi maneələri müşahidə edə bilirlər.

“Bu məlumatlar sənaye siyasətinə daxil edildikdə hökumətlər daha çevik tənzimləyici çərçivələr yarada bilirlər. Bu cür imkanlar isə öz növbəsində icma səviyyəsində təşəbbüslərin inkişafına şərait yaradır. Yerli innovasiyalar daha geniş dəyər zəncirlərinə bağlandıqda, onların təsiri qat-qat artır. Təsəvvür edin ki, bu dinamika bütün Cənub ölkələrində çoxalır. Biz məhz bunu təmin etmək üçün yeni bir platforma yaratmışıq. İnkişaf nəticələrinin sürətlənməsi artıq dərin təsir göstərməyə başlayıb”, - deyə P.Paulose diqqətə çatdırıb.

Qətərin Təhlükəsizlik və hərbi araşdırmalar üzrə professoru, Ərəb Araşdırmalar və Siyasət Tədqiqatları Mərkəzinin (ACRPS) Strateji Tədqiqatlar direktoru Ömər Aşur Qlobal Cənub QHT platformasının bu gün və gələcəkdə Cənub ölkələrinin qarşılaşdığı ədalətsizliklərə qarşı birgə mübarizə aparmaq və cavab vermək üçün vahid bir cəbhə kimi fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, bu ədalətsizliklərə yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, müstəmləkə mirası, rəqəmsal bərabərsizlik, ticarət ədalətsizlikləri və digər mühüm Qlobal Cənub məsələləri daxildir. “Nəhayət, əgər biz bu yolla davam etsək, əvvəllər, sadəcə, anma xarakteri daşıyan ruh artıq yalnız bir xatirə deyil, yenidən suveren gələcəklər üçün bir strategiyaya çevriləcək”, - deyə direktor bildirib.

BMT mandatlı Sülh Universitetinin (UPEACE) regional nümayəndəsi, Somali Prezidentinin İqtisadi məsələlər üzrə xüsusi məsləhətçisi Mohamed Osman bildirib ki, Somalidə yerli QHT-lərlə əməkdaşlıq təcrübəsinə əsasən, bu təşkilatlar uzun illər fəaliyyət göstərmələrinə baxmayaraq hələ də bacarıq çatışmazlığı ilə üz-üzədirlər və irəliləməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, Qlobal Cənubda QHT-lərlə bağlı əsas məsələ onların resursları səfərbər etmək qabiliyyətinin qiymətləndirilməsidir. Çünki bu resurslar məhz real problemləri həll edə biləcək insanlar üçün nəzərdə tutulmalıdır.

Mohamed Osman əlavə edib ki, qarşıya çıxan əsas problemlər uyğunluq və əməliyyatla bağlı məsələlərdir, yəni, yaxşı idarəetmə, şəffaflıq, düzgün satınalma prosedurları, davamlı maliyyə axını və səmərəli maliyyə idarəetmə sistemi bu sahədə mühüm əhəmiyyət kəsb edir.

Zimbabvenin Gənclər səfiri Abiel Elson qeyd edib ki, Qlobal Cənub QHT Forumu təkcə inkişaf yönümlü təşəbbüs deyil, bu, yerli biliklərin tanıdılması, icma yönümlü innovasiyaların qeyd olunması və təşviqi üçün bir platformadır.

“Uzun illərdir ki, Qlobal Cənubun zəngin təcrübəyə, dözümlülüyə və müdrikliyə əsaslanan səsləri ayrı-ayrı sahələrdə səslənsə də, bu gün Bakıda dilləri və mədəniyyətləri aşaraq ədalət, bərabərlik və dəyişiklik uğrunda birlikdə hərəkət edən güc kimi bir araya gəlmişik. Gəlin bu forumdan şəbəkələşmək, həll yolları təklif etmək, tərəfdaşlıqlar qurmaq, resurslarımızı bölüşmək və ən əsası, cəmiyyətlərimizi gücləndirmək üçün istifadə edək”, - deyə A.Elson bildirib.

Benində fəaliyyət göstərən "Gələcək üçün Gələcək” QHT-nin prezidenti və təsisçisi Salem Ayenan Qlobal Cənubun müxtəlif ölkələrindən olan gənclərin, təşkilatların və cəmiyyətlərin bir araya gəlməsi və əməkdaşlıq etməsinin vacib olduğunu bildirib. O, gənclərin beynəlxalq tədbirlərdə iştirakının vacibliyindən və onların səsini eşitdirmək üçün daha çox imkan yaradılmasının zəruriliyindən danışıb. S.Ayenan, həmçinin viza maneələri və maliyyə çətinlikləri kimi problemlərin gənclərin beynəlxalq səviyyədə fəaliyyət göstərmələrinə mane törətdiyini və bu məsələlərin həllinin vacibliyini vurğulayıb.

“Justice For All-PF Ethiopia” təşkilatında İdarəetmə və insan hüquqları departamentinin rəhbəri, Efiopiyanın Addis Ababa Universitetinin müəllimi Getahun Mosissa qlobal məsələlərin həllində cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də gənclərin və həssas icmaların fəal iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Mosissa, xüsusən qeyri-hökumət təşkilatlarının və yerli icmaların səsinin daha çox eşidilməli olduğunu, onların təkliflərinin qlobal gündəmdə yer almasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu cür kollektiv fəaliyyət ədalətli inkişafı təmin etməklə yanaşı, həm də Qlobal Cənub ölkələrinin mövqeyinin gücləndirilməsinə kömək edəcək.

Melaneziya Korpus Qrupu Katibliyinin nümayəndəsi Balkonan Richard insan hüquqları, Qlobal Cənubun problemləri, iqlim dəyişikliyi və digər qlobal problemləri gündəmə gətirən belə mühüm tədbirin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Komor Adaları Mayot Azadlıq Liqasının prezidenti Mahammoud Mouhidine Fransanın ada ərazilərində insan hüquqlarına necə etinasız yanaşdığını və təbii sərvətləri amansızcasına israf etdiyini bildirib. O qeyd edib ki, ada dövlətlərinin sakinləri öz vətənlərində özlərini miqrant kimi hiss edirlər.

Çıxışlardan sonra panel sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, Forumda dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti