Bakı. Trend:
Azərbaycanın makroprudensial siyasət sahəsində institusional strukturu bütövlükdə keyfiyyətli tənzimləmə prinsiplərinə cavab verir və makroprudensial siyasət strategiyalarının dərc olunması əsasına daha da güclənə bilər.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş hesabatında deyilir.
“Mövcud sistemə əsasən, bütün makroprudensial səlahiyyətlər Azərbaycan Mərkəzi Bankında (AMB) cəmləşib və bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla təsbit olunub. Qanun Mərkəzi Bankın mandatını müəyyənləşdirir və müvafiq səlahiyyətlər verir. Son illərdə qəbul olunmuş çoxsaylı tədbirlər dövlət qurumlarının həm qərarlılıq, həm də fəaliyyət qabiliyyətinə malik olduğunu göstərir. Aydın məqsədlər və əsas göstəricilər əks etdirilən makroprudensial siyasət strategiyasının dərc olunması uyğun alətlərin tətbiq olunacağı vaxtların müəyyənləşdirilməsinə, ictimaiyyətlə əlaqələrin qurulmasına və şəffaflıqla yanaşı hesabatlılığın artırılmasına töhfə verəcək”, – deyə hesabatda qeyd olunur.
Qeyd edilir ki, yüksək dollarlaşma ilə bağlı valyuta risklərinə qarşı bankların dayanıqlılığını artırmaq məqsədilə makroprudensial alətlərin formalaşdırılması sahəsində mühüm irəliləyiş əldə olunub.
“2015-ci ildə keçirilmiş msektorunun qiymətləndirilməsi proqramından bəri AMB geniş makroprudensial alətlər toplusu yaradıb. Bu topluya borcalanlara yönəlik tədbirlər, 36 kapital buferləri (o cümlədən, dövriyyə əleyhinə kapital buferi və sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələbi), iri kredit risklərinə və açıq valyuta mövqelərinə məhdudiyyətlər, valyuta depozitlərinə qarşı ehtiyat norma tələblərinin artırılması və likvidlik tədbirləri – o cümlədən, 2023-cü ildə Basel III çərçivəsində tətbiq edilən likvidlik əhatə əmsalı (Liquidity Coverage Ratio) daxildir. 2025-ci il martın 1-dən etibarən banklar üçün 0,5 faiz həcmində dövriyyə əleyhinə kapital buferi qüvvəyə minəcək”, – deyə BVF analitikləri bildiriblər.
Hesabatda vurğulanır ki, AMB bank nəzarəti üzrə Bazel Komitəsinin beynəlxalq standartlarının milli şəraitə uyğunlaşdırılmış formada tətbiqi sahəsində ciddi səylər göstərib, prudensial tələbləri, korporativ idarəetmə və risklərin idarə edilməsi standartlarını gücləndirib.
“Bu təkmilləşdirmələrin bir çoxu hələ ilkin tətbiq mərhələsindədir. 2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasına əsasən, AMB prudensial standartlar kimi Basel III tələblərini tətbiq edir. Bundan əlavə, beynəlxalq qabaqcıl təcrübəyə əsaslanan yeni risk yönümlü nəzarət modeli hazırlanıb və bu model üzrə pilot layihənin 2025-ci ilin əvvəlində başlanması nəzərdə tutulur. Nəzarət tədbirlərinin gücləndirilməsindən sonra prudensial tələblərə tam cavab verən bankların sayı artmışdır”, – deyə BVF qeyd edir.