Bakı.Trend:
Tibb müəssisələrində elektron xəstəlik vərəqələrinin (e-bülleten) tərtibi və istifadəsi zamanı texniki problemlər yarandığı halda, müəssisə nümayəndələri tərəfindən [email protected] elektron poçt ünvanına yazılı şəkildə müraciət edilməsi tövsiyə olunur.
Trend xəbər verir ki,bu fikirləri 93 FM-nin “Sağlam radio” proqramının qonağı olan Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, Rəqəmsal Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən “814” Çağrı Mərkəzi, həmçinin (055) 531-38-28 nömrəli WhatsApp dəstək xətti vasitəsilə də müraciətlər qəbul edilir:
“Elektron xəstəlik vərəqələrinin texniki və funksional idarəetməsi Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən təmin olunur. E-bülletenlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən, səlahiyyətli həkimlər tərəfindən SİMA hüquqi imza vasitəsilə tərtib edilərək, rəqəmsal şəkildə imzalanır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) ilə inteqrasiya olunur”.
S.Məhərrəmova bildirib ki, elektron xəstəlik vərəqələri həkimlər üçün VSİS (Vahid Səhiyyə İnformasiya Sistemi), işəgötürənlər üçün ƏMAS (Əmək və Məşğulluq Alt sistemi), pasiyentlər üçün “Elektron Səhiyyə” mobil tətbiqi vasitəsilə əlçatandır. Eyni zamanda, səlahiyyətli tibb işçiləri üçün “Elektron Səhiyyə” mobil tətbiqində yerləşdirilmiş mobil VSİS üzərindən müvafiq modula keçid etməklə, elektron xəstəlik vərəqələrinin tərtibi daha çevik və rahat şəkildə həyata keçirilə bilir”.