Bakı. Trend:
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə başlanılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bərpa işləri sözügedən yolun sel suları nəticəsində yararsız vəziyyətə düşmüş 14-21-ci km-lik hissəsində aparılır.
Hazırda ərazidə 3800 p.m uzunluğunda alt istinad divarının inşası aparılır.
Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən
bərpa olunan hissədə torpaq işləri, qazma, yolun normativ eninin
alınması üçün genişləndirmə, zəruri yerlərdə müxtəlif ölçülü
suötürücü boruların inşası, yol əsasının tikintisi və yeni
asfalt-beton örtüyünün döşənməsi yerinə yetiriləcək.
Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin
çəkilməsi işləri aparılacaq.
Bərpa işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən,
tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında
icra olunur.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin
təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat
gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını
asanlaşdıracaq.