...

Fazil Mustafaya sui-qəsd etmək istəyən şəxslərin kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb

Hadisə Materials 8 İyul 2025 17:26 (UTC +04:00)
Fazil Mustafaya sui-qəsd etmək istəyən şəxslərin kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb

Bakı. Trend:

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov barələrində olan hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, bu gün Ali Məhkəmədə qərar qəbul olunub.

İclas hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.

Qeyd edək ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti