Bakı. Trend:
Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,882 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici aprel ayının sonu ilə müqayisədə 134,3 milyon manat və ya 1,5% çoxdur.
Belə ki, aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,748 milyard manat olmuşdu.
Qeyd edək ki, may ayının sonunda bankların kredit portfeli 28,386 milyard manat olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditlərinin, 8,882 milyard manatı istehlak kreditlərinin və 4,405 milyard manatı ipoteka kreditlərinin payına düşüb.