Bakı. Trend:
Türkiyədə PKK döyüşçülərinin ilk qrupunun təntənəli “tərksilah” mərasimi ərəfəsində qruplaşmanın lideri Abdullah Öcalanın yazılı müraciəti yayılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Öcalan Kürd Fəhlə Partiyası üzvlərini fəaliyyəti dayandırmağa, silahları yerə qoymağa çağırıb.
“Bütün deyilənlərdən çıxarılan nəticə budur: PKK milli dövlət hədəfindən və bu əsasla yürüdülən müharibə strategiyasından imtina edib, fəaliyyətinə son verib. Gəlinən bu tarixi mərhələnin daha da irəli aparılması gözlənilir.
Bu, silahlı mübarizə mərhələsindən könüllü şəkildə demokratik siyasət və hüquq mərhələsinə keçiddir. Bu, bir itki deyil, tarixi bir qazanc olaraq qiymətləndirilməlidir. Silahların buraxılmasına dair detallı tədbirlər müəyyənləşdirilərək, dərhal həyata keçiriləcək. Silahın deyil, siyasətin və ictimai barışın gücünə inanıram. Sizi də bu prinsipi həyata keçirməyə çağırıram”, - deyə yazılı müraciətdə deyilir.
Qeyd edək ki, sabah Süleymaniyyədə tərksilahın ilk mərhələsi çərçivəsində 20-30 nəfərlik PKK üzvlərindən ibarət qrupun silahları təhvil verməsi mərasiminin keçiriləcəyi gözlənilir.