Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi inkişaf strategiyasına uyğun olaraq gənc müəllimlər və doktorantlarla mühüm görüş keçirilib. Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova, elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov, Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, 60-dan çox gənc müəllim və 30-a yaxın doktorant iştirak edib.
Görüşü açan rektor professor Gülçöhrə Məmmədova çıxışında AzMİU-nun elmi-tədqiqat potensialının yüksəldilməsi istiqamətində atılan addımlardan danışaraq, universitet rəhbərliyinin gənc alimlərə dəstəyinin davamlı xarakter daşıdığını bildirib. O, DAAB birliyi çərçivəsində dünyaca məşhur universitetlərdə çalışan alimlərlə qurulan əməkdaşlıq əlaqələrinin gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rol oynayacağını vurğulayıb. Rektor, həmçinin, doktorantlar üçün ikili rəhbərlik modelinin tətbiq olunmasının onların elmi keyfiyyətini artıracağına inam ifadə edib.
Prorektor professor Nigar Aslanova çıxışında universitetdə akademik heyətin üçdə bir hissəsinin gənc müəllimlərdən ibarət olduğunu qeyd edərək, bu resursun universitetin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, gənc kadrların elmi fəaliyyətə cəlb olunmasını stimullaşdırmaq məqsədilə universitetdə müxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov son illərdə doktoranturaya qəbul olunanların sayında artımın müşahidə olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək, bunun gənclər arasında elmi-tədqiqata marağın artdığını göstərdiyini bildirib.
Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli isə gənc alimlərə beynəlxalq indeksli jurnallarda — Web of Science, Scopus və bu kimi kimi reytinq sistemlərində təmsil olunan nəşrlərdə məqalə dərc etməyin əhəmiyyətindən bəhs edib. O, gəncləri bu istiqamətdə təşkil olunan təlim və seminarların imkanlarından yararlanmağa çağırıb və Dayanıqlı İnkişaf Məqsədləri kontekstində mövzu seçiminin beynəlxalq qəbul üçün mühüm olduğunu qeyd edib.
Görüşün sonunda gənc müəllim və doktorantların sualları cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi AzMİU-nun elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və universitetin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.