Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Hicran Əyyubova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə Gəncə Dövlət Universitetində başa vurub. O, daha sonra ADA Universitetində ikinci magistratura təhsili alıb. 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.
Gülnar Kərimova bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetində tamamlayıb. ADPU-nun Şəki filialında tütor, dekan müavini, müəllim, insan resursları və ümumi şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, beynəlxalq jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir. Bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Dövlət İmtahan Mərkəzinin nəzarətçisi, “İnklüziv təhsil” layihəsinin ekspert təlimçisi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti və “Human Resources Management” üzrə beynəlxalq sertifikatlı mütəxəssisdir.
Firuzə Fərmanlı bakalavr və magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb. 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi fəaliyyət göstərib. O, təhsildə innovasiya və pedaqoji inkişaf mövzularında təşkil olunan bir çox ixtisasartırma proqramlarında iştirak edib, müxtəlif diplom və sertifikatlara layiq görülüb. Yeni təyinatadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.