Bakı. Trend:
Planetin çirklənməsi və iqlim dəyişikliyi Avropanı iyunun sonunda vuran sakit, lakin dağıdıcı isti dalğasına səbəb olub və bunun nəticəsində istilə əlaqədar ölüm halları üç dəfə artıb.
Trend xəbər verir ki, bu barədə The Guardian qəzeti ekspertlərin araşdırmasına istinadən məlumat yayıb.
İyunun 23-dən iyulun 2-dək 12 böyük Avropa şəhərində baş verən həddindən artıq istilər ümumilikdə 2 300 nəfərin ölümünə səbəb olub. Araşdırmaya əsasən, bu ölümlərin 1 500-ü birbaşa olaraq iqlim dəyişikliyi – yəni insan fəaliyyətindən qaynaqlanan atmosferin istiləşməsi – ilə əlaqələndirilir.
İstilikdən ən çox zərər çəkən şəhər İtaliyanın Milan şəhəri olub. Burada 499 nəfər istilərlə əlaqədar həyatını itirib, onlardan 317-nin ölümü iqlim dəyişikliyinin nəticəsi hesab olunur. İkinci yeri Paris, üçüncü yeri isə Barselona tutur.
Londonda da 273 nəfərin istilərlə bağlı öldüyü bildirilib, bunlardan 171-i iqlim dəyişikliyi ilə əlaqələndirilib.
Tədqiqatçılar bu nəticələrin iqlim böhranının insanların həyatı üzərindəki birbaşa və ölümcül təsirini bir daha sübut etdiyini vurğulayırlar.