Bakı. Trend:
Cari ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun
ayına nisbətən 106 faiz, o cümlədən, qida məhsulları, alkoqollu
içkilər və tütün məmulatları üzrə 107 faiz, qeyri-qida məhsulları
üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2
faiz təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,9 faiz təşkil edib.
2025-ci ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,8 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın, ucuzlaşma isə yumurtanın, bananın, armudun, alçanın, əriyin, çiyələyin, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma divar kağızlarının, boyaların, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, laminat parketin, yumşaq mebelin və ortopedik döşəklərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,5 faiz təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.