Bakı. Trend:
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı davam etdirməsi İranın nüvə proqramı qarşısında agentliyin ikili standartları düzəltməsi ilə şərtlənib.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə telefon söhbətində deyib.
Onun sözlərinə görə, İran dialoq, diplomatiya, qarşılıqlı hörmət və beynəlxalq hüquq çərçivələrinə sadiq qalmaqdadır. İran parlamentinin İranın AEBA ilə əməkdaşlığını dayandırmasına dair son qanunu qəbul etməsi agentliyin baş direktoru Rafael Qrossinin qeyri-peşəkar və qərəzli standartlarına reaksiyadır.
İran prezidenti deyib ki, hesabatların təqdim olunmasında qərəzsizlik prinsipinə riayət olunmaması, İranın nüvə mərkəzlərinə açıq-aşkar hücuma göz yumulması, beynəlxalq qanunların pozulması qarşısında sükut edilməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin imicinə şübhə yaradır. Təbii ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq dairələrdə üzvlük qarşısında ölkələrin gözləntilərindən biri balanslı şəkildə dəstəklənməsidir. Belə olmadığı halda, bu dairələrdə üzvlük və yaxud qeyri-üzvlüyün heç bir dəyəri yoxdur.
Telefon söhbətində Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta da Avropa İttifaqının mövcud məsələlərin həlli üçün diplomatik həll yollarının tapılması və İranla əməkdaşlığın inkişaf etdiirilməsinə maraq göstərdiyini qeyd edib.
Koşta bildirib ki, beynəlxalq təşkilatlar istənilən ikili standartlardan çəkinməlidirlər. Avropa İttifaqı əməkdaşlıq və dialoq üçün tam hazırlığa malikdir.
Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.