...

AİB Füzuli rayonunda günəş erenjisi layihəsinə investisiya qoymaqda maraqlıdır (ÖZƏL)

Energetika Materials 29 Sentyabr 2025 10:09 (UTC +04:00)
AİB Füzuli rayonunda günəş erenjisi layihəsinə investisiya qoymaqda maraqlıdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycanın Füzuli rayonunda günəş enerjisi layihəsinə investisiyanın qoyulmasında maraqlıdır.

Bu barədə Trend-ə AİB baş mütəxəssisi Əli Malik açıqlama verib.

O bildirib ki, 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC Füzuli rayonunda gücü 160 MVt olan günəş elektrik stansiyası layihəsi üzrə İcra Müqaviləsi imzalayıb.

“Hazırda ilkin qiymətləndirmə aparılır, amma bu layihəyə marağımız var”,- deyə o qeyd edib.

Əli Malik bildirib ki, AİB-in infrastruktur maliyyələşdirmə komandası Azərbaycanın enerji, su və maliyyə sektorlarında iştirakını, həyata keçirilən layihələri, gələcək planları, eləcə də ölkənin kredit reytinqinin yüksəlməsi ilə bağlı bazarın müsbət perspektivlərini müzakirə edib.

O vurğulayıb ki, AİB Azərbaycanda özəl sektorla bağlı əməliyyatlarda çox aktivdir:

“Ötən il biz burada günəş enerjisi sahəsində iki iri layihə üzrə müqavilə imzaladıq: biri “Bankə”, digəri isə “Biləsuvar” günəş elektrik stansiyası layihəsidir. Bu layihələrin ümumi gücü təxminən 760 MVt təşkil edir və onları “Masdar” və “SOCAR Green” birgə inkişaf etdirib.

Hər iki layihənin ümumi dəyəri təqribən 600 milyon ABŞ dollarıdır. Biz onlar üçün əsas zəmanətlərlə uzunmüddətli kreditlər təqdim etdik. Elektrik enerjisinin alıcısı “Azərenerji” şirkətidir, layihələrin developerləri isə “SOCAR Green” və “Masdar” şirkətləridir”.

AİB nümayəndəsi əlavə edib ki, bank “Masdar” şirkəti ilə birlikdə gücü 220 MVt olan “Qobustan” külək enerjisi layihəsi üzərində də işləyir:

“Bu layihənin maliyyələşdirilməsi “Masdar” tərəfindən həyata keçiriləcək və yaxın gələcəkdə, yəqin ki, gələn ilin sonuna qədər başa çatdırılması gözlənilir”.

Bank nümayəndəsi həmçinin AİB-in Azərbaycanda çirkab suların təmizlənməsi layihələrində iştirakını istisna etməyib:

“Biz duzsuzlaşdırma və çirkab suların təmizlənməsi layihələrinə diqqət yetiririk. Məsələn, AİB Hövsanda çirkab suların təmizləyici qurğuları layihəsi üzrə tranzaksiya məsləhətçisi kimi təyin olunub və dövlət-özəl tərəfdaşlığı çərçivəsində məsləhətçi xidmətləri göstərir”.

Əli Malik həmçinin qeyd edib ki, AİB Azərbaycanda maliyyə sektoru ilə də əməkdaşlıq edir və bu istiqamətin inkişafında maraqlıdır:

“Biz maliyyə institutları ilə işləyirik. Həmçinin Azərbaycanın aqrar sektorunda da iştirak edirik. Məsələn, 2024-cü ildə yerli şirkətlərdən biri ilə müqavilə bağladıq və gələcək imkanları nəzərdən keçiririk.

Ümumilikdə, bazarın perspektivlərini qiymətləndirərək deyə bilərəm ki, Azərbaycan bazarı bizim üçün cəlbedicidir. Xüsusilə özəl sektorun maliyyələşdirilməsi üçün bərpa olunan enerji və çirkab suların təmizlənməsi sahəsində böyük potensial görürük. Azərbaycanın iqtisadiyyatı və bazarına nikbin baxırıq.

Azərbaycanın kredit reytinqi yaxşılaşdığı üçün AİB-in ölkədə kreditlər təqdim etməsi və investisiya yatırması üçün daha çox imkan yaranıb. Hazırda AİB-in Azərbaycana qeyri-suveren (özəl) əməliyyatlar xətti üzrə investisiyalarının həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edir və əsasən bərpa olunan enerji sektoruna yönəlib. Biz bu məbləği artırmağa hazırıq, çünki Azərbaycan artıq investisiya reytinqinə malikdir və bu da bizim üçün kreditləşmə və investisiyalar üçün daha çox imkanlar açır”, - deyə Ə. Malik əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti