Bakı. Trend:
BMT-də səsləndirilən bəyanatda Azərbaycan bir daha insan hüquqları üzrə beynəlxalq mexanizmlərlə əməkdaşlığa sadiqliyini vurğulayıb.
Trend xəbər verir ki, bu mövqe Azərbaycanın BMT İnsan Hüquqları Şurasında gündəliyin 5-ci maddəsinin müzakirəsi zamanı səsləndirdiyi bəyanatda əksini tapıb.
Bəyanatda bildirilib ki, Azərbaycan xüsusi prosedur mandatına malik şəxslərin fəaliyyətini yüksək qiymətləndirir və onların işinin yalnız mandat çərçivəsində, beynəlxalq hüquq, BMT Nizamnaməsi, müvafiq qətnamələr və Davranış Kodeksinə hörmət əsasında aparılmasının vacibliyini qeyd edir. Dövlətlər tərəfindən təqdim edilən məlumatların isə əməkdaşlıq ruhuna uyğun nəzərə alınması xüsusi vurğulanıb.
Azərbaycan tərəfi hesab edir ki, insan hüquqları mexanizmləri
ilə real dialoq qarşılıqlı anlaşmanı gücləndirə və sistemin
səmərəliliyini artırmağa xidmət edə bilər:
“Biz insan hüquqlarının müdafiəsi və təşviqinə yönəlmiş daha geniş
fəaliyyətimizin tərkib hissəsi olaraq BMT-nin müvafiq mexanizmləri
ilə fəal əməkdaşlığı davam etdirəcəyik.”
Bəyanatda həmçinin diqqətə çatdırılıb ki, BMT-nin 80 illik fəaliyyətinə nəzər salaraq insan hüquqları mexanizmlərinin effektiv, şəffaf, siyasiləşmədən və ikili standartlardan uzaq şəkildə işləməsini təmin etmək üçün səylər artırılmalıdır. Bunun isə qlobal miqyasda insan hüquqlarının qorunması istiqamətində ümumi öhdəliyi gücləndirəcəyi qeyd olunub.