Bakı. Trend:
2025-ci il sentyabrın 26-da Almaniyanın Münhen şəhərinin mərkəzi Karlsplatz meydanında Azərbaycanın mina qurbanlarına dair açıq səma altında fotosərgi təşkil olunub. Fotosərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyinin icra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində açılıb.
Trend xəbər verir ki, layihədə QHT-nin Almaniyadan tərəfdaşı Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi olub.
Sərgidə mina qurbanlarına dair 20-dən çox fotoşəkil, insan hekayələri və statistik məlumatlar nümayiş etdirilib. Hər bir foto yalnız fərdi bir hadisəni deyil, bütöv bir xalqın üzləşdiyi humanitar faciəni əks etdirib.
Münhen sakinləri fotolardakı mina qurbanları barədə QR kod
vasitəsilə əlavə məlumatlar əldə ediblər.
“Mən ayağımı itirdim, amma ümidimi yox!”, “Həkim idim, minaya
düşənləri xilas edirdim. Özüm minaya düşdüm”, "11 yaşımda oyuncaq
bilib oynadığım mina uşaqlığımı əlimdən aldı", "Tank əleyhinə
minaya düşdüm. Gənclik coşğusunun nə olduğunu bilməsəm də, iki
ayağını itirən gəncin hisslərinə bələdəm" kimi mesajlar mina
qurbanlarının yaşadıqlarını təsirli sözlərlə iştirakçılara
çatdırıb. Ziyarətçilər də səmimi duyğularını müvafiq lövhədə mina
qurbanlarına yazıblar.
“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, o, özü də 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən yoldaşları ilə birgə Ermənistanın basdırdığı tank əleyhinə minaya düşüb, təsadüf nəticəsində sağ qalıb. Lakin onunla birgə xidməti vəzifələrini yetirə yetirən 3 nəfər – Sirac Abışov (teleoperator), Məhərrəm İbrahimov (jurnalist), Arif Əliyev (yerli icra hakimiyyətinin əməkdaşı) şəhid olublar, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sərgidə məlumat verilib ki, Ermənistanın mina müharibəsi
nəticəsində bu günədək 3400-dən çox azərbaycanlı mina qurbanına
çevrilib. Onlardan 409-u 2020-2025-ci illərdə mina və partlamamış
hərbi sursatlardan xəsarət alanlardır. Son 5 ildə mina hadisələri
71 nəfər azərbaycanlının həyatına son qoyub. Siyasi təzyiqlərdən
sonra Ermənistan müəyyən mina xəritələrini təhvil versə də, onların
yalnız 25 faizi düzgün çıxıb. Bu səbəbdən “Gilavar Foto Klubu”
Ermənistanı dəqiq mina xəritələrini təqdim etməyə çağırıb.
Sərgidə qeyd olunub ki, mina problemi qlobal mahiyyətlidir. Artıq
Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf
Məqsədi kimi elan edib və bu məsələnin BMT-nin 18-ci Dayanıqlı
İnkişaf Məqsədi kimi qəbul edilməsi hazırda əsas çağırışdır.
Münhendə açılmış fotosərgi mina probleminin, onun gətirdiyi bəlaların qarşısının alınması üçün insanları qlobal səfərbərliyə səsləyib.
Qeyd edək ki, Azərbaycan QHT-sinin Almaniyada mina mövzusunda fotosərgi təşkil etməsi ilk dəfədir. “Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digər şəhərlərində də davam etdirməyi planlaşdırır.