Bakı.Trend:
Şəhid ailələri, şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandanımız İlham Əliyevin, həmçinin ölkənin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. “Konstitusiya və Suverenlik ili “ çərçivəsində Vətən müharibəsinin beşinci ili münasibətilə Ali Baş Komandanımızın göstərişinə uyğun olaraq, Hərbi memorial məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib.
Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Anım Günü ilə bağlı İkinci Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.
A.Eyvazov bildirib ki, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi, Antiterror əməliyyatları daxil olmaqla digər əməliyyatlarda , eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın və dövlət tərəfindən təltif olunmuş mülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində daş hasar aradan qaldırılıb.
“Ali Baş Komandanımızın göstərişi ilə təşkil edilən yenidənqurma işlərində 12 Milli Qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı, ümumilikdə 670 şəhidimizin uyduğu bu ərazilərdə şəhid ailələrinin istəkləri də nəzərə alınıb ərazidə Vətən müharibəsini simvolizə etdirən 44 metrlik monumental abidə ucaldılıb. Vətən müharibəsinin hər gününü üzərində əks etdirən lövhələr quraşdırılıb”.
Qeyd edilib ki, ərazidən aparılan yenidənqurma işlərində bizim üçün müqəddəs olan bu ərazi xalqımızın milli-mənəvi dəyərlərini, eləcə də şəhidlərimizin əziz xatirəsini öz üzərində əks etdirir. İnanıram ki, bu ərazini ziyarət edən hər bir vətəndaşımız şəhidlərimizin fədakarlığını hiss edəcək:
“Anım günü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarınl ziyarət edib, Şəhidlər Xiyabanını, Zəfər kompleksini ziyarət edərək şəhidlərimizə hörmət və ehtiram nümayiş etdiriblər. Həmçinin hərbi hissələrdə Anım günü ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir.
Ali Baş Komandanımızın göstərişi ilə Müdafiə Nazirliyinin Yasamal rayon İcra Hakimiyyətinin və Bakı Abadlıq Xidməti ilə qarşılıqlı həyata keçirilən kompleks yenidənqurma tədbirləri nəticəsində bu ərazilər xalqımızın milli-mənəvi dəyərlərini, eləcə də şəhidlərimizin əziz xatirəsini əks etdirir”.