...

AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerji layihələrini maliyyələşdirib

İqtisadiyyat Materials 26 Sentyabr 2025 14:00 (UTC +04:00)
AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerji layihələrini maliyyələşdirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rolu vizyonları maliyyələşdirilə bilən layihələrə çevirməkdir.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri zamanı bildirib.

O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) investisiya edərək və günəş elektrik stansiyaları kimi bərpaolunan enerji təşəbbüslərini dəstəkləyərək, Azərbaycan və Mərkəzi Asiya ölkələrində yaşıl enerjinin inkişafına töhfə verir: "Əsas vəzifəmiz ambisiyaları real layihələrə çevirməkdir. Bu o deməkdir ki, biz layihələrin hazırlanmasına, texniki-iqtisadi əsaslandırmalarına dəstək göstərir, müxtəlif variantların işlənməsinə yardım edirik, həmçinin hökumətlə birlikdə tənzimləyici islahatlar üzərində çalışırıq.

Azərbaycanın 2030-cu ilə qədər ən azı 30% bərpaolunan enerji hədəfi var və bizim işimiz bu məqsədə çatmağa kömək etməkdir. Son illərdə AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpaolunan enerji layihələrini maliyyələşdirib. Bu siyahıya “Masdar” şirkəti ilə 230 meqavatlıq günəş layihəsi, “ACWA Power” ilə 240 meqavatlıq layihə və yaxın zamanda eyni miqyaslı daha iki layihə daxildir. Bu layihələr təkcə rəqəmlər deyil, bunlar Cənubi Qafqazda ilk və ən iri sənaye miqyaslı bərpaolunan enerji layihələridir.
Mərkəzi Asiyada isə son illərdə 1,3 milyard dollardan çox sərmayə yatırmışıq".

AYİB rəsmisi "Xızı-Abşeron" Külək Elektrik Stansiyası üzrə görülən işlərdən də danışıb: "Yaxınlarda “ACWA Power” tərəfindən həyata keçirilən və bizim də birgə maliyyələşdirdiyimiz "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsinə baş çəkdim. Tikinti mərhələsində 850 nəfər işçi çalışıb, onların 70%-i yerli işçilər olub. Bu, sadəcə məşğulluq deyil, ölkəyə yeni bacarıqların gətirilməsi deməkdir. Layihə çərçivəsində bir ay ərzində 95 min kilometrdən çox məsafə layihə texnikası tərəfindən qət olunub. Layihə tam başa çatdıqdan sonra ildə 400 min tondan çox karbon emissiyası azaldılacaq ki, bu da on minlərlə avtomobilin yollardan çıxarılmasına bərabərdir".

"Bizim rolumuz yalnız birbaşa sərmayələrlə məhdudlaşmır. Bir çox beynəlxalq maliyyə qurumları yeni bazarlara daxil olarkən tərəddüd edirlər, lakin AYİB-in iştirakı onlara əlavə inam verir.

Əlbəttə, etibarlı və proqnozlaşdırıla bilən elektrik şəbəkəsi də layihələrin uğuru üçün həlledici əhəmiyyət daşıyır. Burada vacib məqam ondan ibarətdir ki, 2024-cü ildə Azərbaycanda AYİB-in dəstəyi ilə ilk dəfə bərpaolunan enerji üzrə hərrac keçirildi. Bu hərrac çərçivəsində 400 meqavat gücündə günəş elektrik stansiyaları nəzərdə tutulur. Bu, təkcə layihə deyil, həm də bərpaolunan enerjinin ölkədə uzunmüddətli roluna dair sistemli bir mesajdır", - Sandro Museridze əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti