Bakı. Trend:
Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etməyə hazırdır.
Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzaqaliyev Nyu-Yorkda Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda bildirib.
Mirzaqaliyev qeyd edib ki, Orta Dəhliz sürətlə əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) isə regional əməkdaşlıq üçün yeni imkanlar açır.
“Biz TRIPP təşəbbüsünü alqışlayırıq və Orta Dəhliz boyunca əlaqəliliyin möhkəmləndirilməsi üçün Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etmək istərdik”, — deyə o vurğulayıb.
Mirzaqaliyev ayrıca Qazaxıstan ilə ABŞ arasında enerji əməkdaşlığının əhəmiyyətinə də toxunub.
“Enerji sektoru bizim iqtisadiyyatımızın və ABŞ-la ikitərəfli münasibətlərimizin təməl daşıdır. Biz ABŞ-ın enerji prioritetlərini bölüşürük. ABŞ-a idxal olunan uranın orta hesabla 24 faizi Qazaxıstandan tədarük olunur. Biz ABŞ-ın nüvə energetikası sahəsində etibarlı və güvənilən tərəfdaşı kimi rolumuzu möhkəmləndirməyə hazırıq”, — Mirzaqaliyev bildirib.