Bakı. Trend:
Rəqabətli tender mexanizminin tətbiqi Azərbaycanda şəffaf qiymət formalaşmasını təmin etmək və enerji, infrastruktur layihələrinə özəl investisiyaların cəlb olunması üçün açar rolunu oynaya bilər. Bu təcrübə artıq Özbəkistanda və digər ölkələrdə uğurla həyata keçirilib.
Trend xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) baş investisiya mütəxəssisi Əli Malik “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Özbəkistanın təcrübəsi nümunəvi xarakter daşıyır: 2018-ci ildən başlayaraq AİB bir sıra layihələrdə , o cümlədən gücü təxminən 1 Qvt olan günəş elektrik stansiyaları, Namangandakı təmizləyici qurğuların inşası, eləcə də Quzardakı günəş generasiyası və enerji saxlama layihələrində iştirak edib. “Rəqabətli tenderlər layihələrin ən aşağı maya dəyəri ilə həyata keçirilməsinə imkan yaradır və bazarı beynəlxalq investorlar üçün açır”, -deyə o bildirib.
Malik qeyd edib ki, AİB yaxınlarda Azərbaycan hökuməti ilə təmizləyici qurğular layihəsi üzrə konsultativ saziş imzalayıb. Bu çərçivədə tenderin hazırlanması və özəl sektorun cəlb olunması nəzərdə tutulur.
Ekspert həmçinin xatırladıb ki, Azərbaycanda yaxınlarda keçirilən tenderin nəticələrinə əsasən, “ACWA Power” şirkəti ölkədə ilk su duzsuzlaşdırma layihəsini həyata keçirmək üçün müqavilə qazanıb. “Bu nümunə Azərbaycanın bazarına aparıcı beynəlxalq oyunçuları cəlb etməyin mümkünlüyünü və düzgün qurulmuş layihələrin gücünü aydın şəkildə nümayiş etdirir”, - deyə o yekunlaşdırıb.