Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına son səfəri zamanı BMT Baş Assambleyasının 80-ci sessiyasında da çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunub.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın törətdiyi ədalətsizlikləri vurğulayıb.
"Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsini apardığını və bu müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini bildirir. Bu, beynəlxalq auditoriyaya Azərbaycanın güc tətbiqini hüquqi çərçivədə əsaslandırmaq üçün ünvanlanmış ciddi bir mesajdır. Nitqdə həmçinin postmüharibə dövründə sülh təşəbbüsləri, iqtisadi bərpa, COP29 çərçivəsində iqlim liderliyi və enerji təhlükəsizliyində Azərbaycanın artan rolu ön plana çəkilir. Eyni zamanda, Azərbaycanın regional və qlobal əməkdaşlığa açıq və sülh yönümlü siyasəti nümayiş etdirilir. Prezident İlham Əliyev beynəlxalq hüququn icra olunmamasını və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini tənqid edir."
A. Qarayev qeyd edib ki, Vətən müharibəsinin uğurla başa çatmasından sonra Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə Ermənistanla münasibətlərin normallaşdırılması və ABŞ-ın vasitəçiliyi ilə əldə olunan yeni razılaşmalar təqdim olunur.
"Vaşinqton Sammiti çərçivəsində imzalanmış sənədlər və “Tramp
Marşrutu” kimi regional layihələr davamlı sülh və əməkdaşlıq üçün
mühüm addımlar kimi göstərilir. Nitqdə həmçinin Azərbaycanın enerji
təhlükəsizliyindəki rolu, iqlim dəyişikliyinə qarşı COP29-da
liderlik fəaliyyəti və iqtisadi inkişaf nailiyyətləri qeyd edilir.
Humanitar yardım, mina təhlükəsi və ekoloji çağırışlar kimi
məsələlər də diqqətə çatdırılır. Ümumilikdə, nitq Azərbaycanın
müharibədən sülhə doğru keçidini, beynəlxalq hüquqa sadiqliyini və
konstruktiv əməkdaşlıq mövqeyini nümayiş etdirir."
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına son səfəri
zamanı dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə
keçirdiyi görüşlər, Azərbaycanın beynəlxalq maliyyə məkanında
möhkəmlənən mövqeyini və qlobal investisiya mühitində artan
strateji əhəmiyyətini əks etdirən mühüm hadisədir.
Politoloq bildirib ki, bu görüşlər təkcə diplomatik və iqtisadi protokol çərçivəsindəki adi təmaslar deyil, eyni zamanda, Azərbaycanın hazırda hansı səviyyədə qlobal maliyyə oyunçularının radarında olduğunu göstərən ciddi indikatorlardır.
"İlk növbədə, burada diqqətçəkən əsas məqam görüşlərin təşəbbüskar tərəfin – yəni “Blackstone”, “Brookfield Asset Management” və “Neuberger Berman” kimi maliyyə nəhənglərinin – olmasıdır. Bu qurumların hər biri yalnız kapital həcminə görə deyil, həm də qlobal iqtisadi trendlərin formalaşmasında oynadığı rol baxımından liderlər sırasındadır. Onların Prezident İlham Əliyevlə birbaşa görüşə can atması, Azərbaycanın iqtisadi potensialına və regional roluna verdikləri yüksək qiymətin bariz nümunəsidir.
Bu şirkətlər təkcə trilyonlarla dollar dəyərində aktivləri idarə edən qurumlar deyil, eyni zamanda, strateji sektorlara – daşınmaz əmlak, infrastruktur, rəqəmsal texnologiyalar, yaşıl enerji, səhiyyə və təhsil sahələrinə – yönəlmiş investisiya siyasəti ilə seçilirlər. Onların maraq dairəsinə düşmək, bir çox hallarda ölkələrin və regionların inkişaf prioritetlərini dəyişə biləcək gücdə olan kapital axınlarını cəlb etmək deməkdir. Azərbaycan bu mənada artıq təkcə enerji ixracatçısı deyil, həm də rəqəmsal transformasiya, bərpa olunan enerji və yüksək texnologiyalar üzrə gələcək yönümlü bazar kimi təqdim olunur."
A.Qarayev qeyd edib ki, Azərbaycanın bu qlobal oyunçularla tərəfdaşlıqda olması isə sırf iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji nəticələr doğurur.
"Belə ki, Qafqazda və daha geniş mənada Avrasiya məkanında iqtisadi güc balansı getdikcə daha çox alternativ enerji, logistika və texnoloji imkanlar üzərində qurulur. Bu sahələrdə ciddi kapital cəlb edə bilən ölkələr regionun iqtisadi və siyasi gələcəyini formalaşdırmaqda əsas söz sahibi olurlar. Azərbaycanın “Blackstone”, “Brookfield” və “Neuberger Berman” kimi şirkətlərlə əməkdaşlıq imkanları, məhz bu mənada strateji əhəmiyyət daşıyır.
Görüşlər zamanı Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, investisiya mühitinin şəffaflaşdırılması, tənzimləyici çərçivələrin beynəlxalq standartlara uyğunlaşdırılması kimi məsələlər də gündəmdə olub. Bu da göstərir ki, ölkə rəhbərliyi yalnız investorların pulunu cəlb etməyə çalışmır, eyni zamanda, həmin kapitalın davamlı və səmərəli istifadəsi üçün institusional mühitin təkmilləşdirilməsinə böyük önəm verir. Bu isə uzunmüddətli xarici investisiya axınlarının əsas şərtlərindən biridir."
Politoloq bildirib ki, ARDNF-in bu qurumlarla mövcud olan tərəfdaşlığı – istər “Blackstone” ilə 1 milyard dollarlıq, istər “Brookfield” ilə 660 milyon dollarlıq, istərsə də “Neuberger Berman” ilə 600 milyon dollarlıq investisiya layihələri – Azərbaycanın artıq passiv investisiya qəbul edən ölkədən aktiv maliyyə iştirakçısına çevrildiyini göstərir.
"Bu investisiyalar yalnız maliyyə gəlirləri ilə deyil, həm də transfer olunan bilik, texnologiya və idarəetmə təcrübəsi ilə ölkə iqtisadiyyatına uzunmüddətli dəyər qatır.Digər mühüm aspekt isə bu əməkdaşlıqların Azərbaycanın iqtisadiyyatını şaxələndirmə siyasəti ilə birbaşa uzlaşmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan siyasət ölkəni neft gəlirlərindən asılılıqdan çıxarıb, qeyri-neft sektorlarının – xüsusilə logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, turizm və sənaye texnologiyaları – inkişafına yönəlmişdir. Bu baxımdan, alternativ investisiya fondlarının maraq dairəsi ilə Azərbaycanın prioritet sahələri arasında ciddi sinxronluq mövcuddur."