Bakı. Trend:
Universitetlər biznes və KİV-dən tutmuş dövlət qurumları və beynəlxalq ekspertlərədək müxtəlif maraqlı tərəflər arasında dialoqun qurulmasında getdikcə daha mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu Avrasiya Universitetləri Sammiti çərçivəsində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktoru, dövlət, beynəlxalq və tələbələrlə iş üzrə prorektoru Fariz İsmayılzadə bildirib.
“Universitetlər müxtəlif tərəfdaşlar arasında ünsiyyət və dialoq üçün çox etibarlı platformadır. Biz universitetlərin biznes əlaqələrində iştirakını getdikcə daha çox görürük. Məsələn, ADA Universiteti İtaliya-Azərbaycan biznes forumuna, Niderland-Azərbaycan biznes forumuna ev sahibliyi edib. Biz Mərkəzi Asiyadan, postsovet məkanından, Yaxın Şərqdən iştirakçıları cəlb etmişik”, – deyə o qeyd edib.
F.İsmayılzadənin sözlərinə görə, universitetlərin əsas üstünlüklərindən biri neytrallıq amilidir. “Əgər tədbiri hökumət təşkil edirsə, o, hər zaman neytral qəbul olunmur. Universitetlər isə məhz müstəqil oyunçular kimi hörmət qazanır, bu isə QHT və jurnalistlərdən tutmuş siyasətçilərə, investorlar və texnologiya mütəxəssislərinədək ən müxtəlif icmaları bir araya gətirməyə imkan verir”,- deyə o vurğulayıb.
O həmçinin, ictimai müzakirələrin və beynəlxalq əməkdaşlığın inkişafında akademik töhfənin vacibliyini qeyd edib.