Bakı. Trend:
Azərbaycan tərəfindən həyata keçirilən bir sıra qarşılıqlı əlaqəli layihələr regionun gələcək enerji mənzərəsinin formalaşması üçün əsas olacaq.
Trend xəbər verir ki, bunu ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
“Əsas istiqamətlərdən biri Xəzər dənizi – Qara dəniz enerji dəhlizidir. Bu dəhliz günəş enerjisi və Xəzərdə dəniz külək enerjisi daxil olmaqla bir neçə texnologiyanı birləşdirəcək. İnvestorlar artıq həyata keçirmə mexanizmlərini qiymətləndirir və regionlar arasında qiymət fərqi sayəsində ilkin daxili gəlirlilik göstəriciləri ümidverici görünür. Məqsədimiz 2032-ci ilə qədər üç tamdəyərli əməliyyat xətti yaratmaqdır”, – deyə Zeynalov vurğulayıb.
Azərbaycan – Mərkəzi Asiya enerji dəhlizindən danışarkən nazir müavini bildirib ki, layihə artıq noyabr ayında texniki-iqtisadi əsaslandırma mərhələsinə keçəcək.
“Şirkətlərin seçilməsi və montaj prosesi yekunlaşmaq üzrədir. Qazaxıstan və Özbəkistandan olan tərəfdaşlarımızın da Xəzərə mümkün tədarük həcmlərini müəyyənləşdirməsi vacibdir ki, uzunmüddətli əməkdaşlıq modeli qurula bilsin”, – deyə o izah edib.