Sentyabrın 25-də Nyu-York şəhərində BMT Baş Assambleyasının
80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan
Respublikasının Sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının
qeyri-rəsmi iclası keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, iclas
zamanı AQEM Üzv Dövlətlərinin xarici işlər nazirləri və digər
yüksək səviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından
etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş
tərəqqi müzakirə olunub, aktual regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov AQEM
Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək
Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma
və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji
prioritetlərini vurğulayıb.
Nazir çıxışında AQEM-in institusional inkişafı və onun tamhüquqlu
beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və
əldə olunan tərəqqi barədə məlumat verib.
Bu çərçivədə, AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri
arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı
Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM
Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin
Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi
vurğulanıb.
Ceyhun Bayramov həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o
cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman
təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində
əldə olunmuş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni
məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik
əməkdaşlığı gücləndirəcəyi bildirilib.
AQEM Baş katibi və AQEM-ə üzv dövlətlərin nümayəndə heyətlərinin
rəhbərləri bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan
Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə
sadiqliyini yüksək qiymətləndiriblər.
Üzv Dövlətlər AQEM çərçivəsində institusionallaşma və nəticəyönümlü
qarşılıqlı fəaliyyətin təşviqində Sədrliyin səylərinə diqqət
çəkiblər. Onlar əsas layihələrin irəliyə aparılmasında Azərbaycanın
göstərdiyi təşəbbüslərə görə minnətdarlıqlarını ifadə ediblər və bu
təşəbbüslərin Asiya boyunca dialoq, etimad quruculuğu və çoxtərəfli
əməkdaşlıq platforması kimi AQEM-in effektivliyini əhəmiyyətli
dərəcədə artıracağını bildiriblər.
İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi
orqanının – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının
yaradılması ilə yekunlaşıb.
Nazirlər Şurası həmçinin İkinci Dünya Müharibəsinin bitməsi və
Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü
münasibətilə bəyanatlar qəbul edib. Bu bəyanatlar vasitəsilə AQEM-ə
üzv dövlətlər İkinci Dünya Müharibəsində qələbə üçün verilmiş
tarixi qurbanları ehtiramla anıblar və çoxtərəfliliyə
sadiqliklərini bir daha təsdiq ediblər. Onlar Asiyada və onun
hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və dayanıqlı
inkişafın təşviqində AQEM-in dialoq, etimad quruculuğu və
əməkdaşlıq platforması kimi rolunu vurğulayıblar. Nazirlər
Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək
qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası 2024-cü ilin dekabr ayından
başlayaraq iki il müddətinə 28 dövlətin üzv olduğu Asiyanın ən
böyük regional platforması AQEM-də sədrlik edir. Müxtəlif
çoxtərəfli formatlarda nümunəvi liderliyin davamı olaraq
Azərbaycanın AQEM sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar,
Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında AQEM regionunda
dialoq və nəticəyönümlü əməkdaşlığın təşviqini prioritet olaraq
elan edib.
Ceyhun Bayramovun sədrliyi ilə AQEM Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib (FOTO)

Foto: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi