Bakı. Trend:
Bərpa olunan enerji mənbələrindən gələn enerji sisteminə yüklənmənin artması şəbəkənin sabitliyini təmin etmək üçün enerji saxlama sistemlərinin tətbiqini tələb edir.
Trend xəbər verir ki, bunu “Nobel Energy” şirkətinin bərpaolunan enerji sahəsindəki layihələr üzrə direktoru Can Aslan Bakıda keçirilən “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi"ndə çıxışında deyib.
Can Aslanın sözlərinə əsasən, enerji sistemində bərbaolunan enerji mənbələrinin payının artması şəbəkədə əlavə yüklənməyə səbəb olacaq ki, bu enerji saxlama sistemlərindən istifadəni zəruri edir.
“Bu gün Avropada şəbəkəyə qoşulma icazələri alınarkən operatorlar artıq layihə sahiblərini bərpaolunan enerji mənbələrinin yaratdığı disbalansı kompensasiya etmək üçün enerji saxlama sistemlərini işə salmağa məcbur edir. İndi bu yanaşma Azərbaycanda da tətbiq olunur”, - deyə o bildirib.
Can Aslan əlavə edib ki, “Azərenerji” şəbəkənin stabilliyini artıracaq iri həcmli enerji saxlama sistemi layihəsini həyata keçirir.
“Enerji saxlama sistemləri yalnız şəbəkənin balansını və stabilliyini saxlamaq üçün deyil, həm də güc kompensasiyası, sinxronizasiya və sistemdəki dalğalanmalara operativ reaksiyanın təmin olunması üçün zəruridir", - deyə o bildirib.
