Bakı. Trend:
Akademiklər, universitet rektorları olaraq Türkiyədəki ali təhsil müəssisələri ilə Azərbaycandakı ali təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdən biridir.
Bu sözləri Trend-ə açıqlamasında İğdır Universitetinin Rektoru Ekrem Gürer deyib.
O bildirib ki, Qarabağ Universiteti ilə necə əməkdaşlıq edə biləcəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb:
“Bakıya gəldikdə əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komandası bizi qəbul etdil. Görüş bir saatdan çox davam etdi. Bütün rektorlarımız özlərini təqdim etdilər. Hər biri universitetləri və həmin universitetlərin müvafiq ixtisas sahələri haqqında Komitə sədrinə və heyətinə məlumat verdilər. Bu çərçivədə səkkiz universitetimizin həm ümumilikdə Azərbaycandakı digər universitetlərlə, həm də xüsusilə Qarabağ Universiteti ilə necə əməkdaşlıq edə biləcəkləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Bu görüşlərdə Fuad müəllimin bizə göstərmiş olduğu səmimi diqqət və dəstəyə görə ona ən dərin minnətdarlığımı bildirirəm. Görünür ki, Azərbaycan dövləti və xalqı Türkiyədəki bütün tərəfdaşlara qarşı yaxın maraq və dəstək göstərməyə davam edəcəkdir. Türkiyə–Azərbaycan münasibətləri qədim münasibətlərdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz hər zaman iki dövlət, amma bir millət olmuşuq və inşallah, əbədi olaraq da belə qalacağıq.
Bu səbəbdən hər iki ölkənin müəllimləri, bürokratları, texnokratları, alimləri, iş adamları hər zaman yaxın münasibətlər qurmaqda qətiyyətlərini nümayiş etdiriblər. Belə olan halda biz akademiklər, universitet rektorları olaraq Türkiyədəki ali təhsil müəssisələri ilə Azərbaycandakı ali təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdən biri kimi qiymətləndirilməlidir”.
Rektorun sözlərinə görə, bu istiqamətdə uzun illərdir ki, universitetlərimiz Azərbaycanın bəzi universitetləri ilə yaxın əməkdaşlıq həyata keçiriblər:
“Ancaq arzumuz bu sayını daha da artırmaqdır. Daha önəmlisi isə Xankəndi, Qarabağ və Şuşa bölgələrinə edəcəyimiz səfərdir. Azad edilmiş bölgələri yerində ziyarət etməklə yanaşı, Qarabağ Universitetini də ziyarət etmək istəyirik. Türkiyədən gələn səkkiz dövlət universitetinin rektorları olaraq Qarabağ Universitetinin yanında olduğumuzu, hər cür dəstək və əməkdaşlığa hazır olduğumuzu göstərmək üçün orada olacağıq”.
“İnanırıq ki, Qarabağ, Xankəndi və azad edilmiş torpaqlar ən qısa zamanda inkişaf edəcək, tərəqqi edəcək və bu inkişafdan Qarabağ Universiteti də böyük pay alacaqdır. Biz türk akademikləri və rektorları olaraq bu istiqamətdə əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Dost və qardaş Azərbaycan xalqının, dövlətinin və universitetlərinin yanında olacağıq. Birlikdə yol alacağıq, bir olacağıq, güclü olacağıq. Bu bölgədə həm sülhün davamlı olması, həm də elm və texnologiya ilə zəngin innovasiya və inkişafın bütün bölgə xalqlarına yayılması üçün xüsusi səylər göstərəcəyik. Onsuz da bütün dünyanın yaxından izlədiyi Zəngəzur Dəhlizi layihəsi həyata keçdikdə sadaladığımız bu məsələlərin daha da güclənəcəyinə və böyük inkişaf əldə olunacağına inamımız tamdır. Bu münasibətlə bir daha bu layihənin həyata keçirilməsində, təqdim olunmasında və dəstəklənməsində rol oynayan başda Fuad Muradov müəllim olmaqla Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə səmimi təşəkkürlərimi bildirirəm. Ən qısa zamanda yenidən Azərbaycan xalqı və dövlətinin tərəfdaşları ilə bir araya gəlmək üçün səbirsizliklə gözlədiyimi ifadə etmək istəyirəm”,- deyə Ekrem Gürer əlavə edib.
Xatırladaq ki,Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.