Bakı. Trend:
Azərbaycan arıdıcl bazar islahatları aparmaqla, subsidiyaları ləğv edib, rəqabətcil mühit yaratmaqla yaşıl enerjiyə doğru irəliləyir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin Avropa İttifaqının Enerji Proqramının (EU4Energy) Azərbaycan üzrə eksperti Pərviz Qəribzadə Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.
Qəribzadənin sözlərinə görə, 2016-cı ildən etibarən Azərbaycan enerji sektorunda bir sıra strategiyalar və qanunvericilik aktları qəbul edib, o cümlədən istilik təchizatı, qaz təchizatı və elektrik enerjisi haqqında qanunlar. “Elektrik enerjisi haqqında” qanun 2025-ci ildən başlayaraq bazar islahatlarının üç mərhələdə həyata keçirilməsini nəzərdə tutur.
“İlk addım istehsal, ötürmə, paylama və elektrik enerjisinin satış funksiyalarının hüquqi və idarəetmə baxımından ayrılması olacaq. Bu, təmiz enerjiyə keçid üçün əsas tədbirdir”,- deyə ekspert vurğulayıb və sektorda subsidiyaların aradan qaldırılmasının, eləcə də enerji səmərəliliyinin təşviq edilməsinin vacibliyini qeyd edib.
O əlavə edib ki, bu cür islahatlar şəffaf və rəqabətli bazarın formalaşmasına kömək edəcək, bu isə gələcəkdə Azərbaycanın Gürcüstan və Ermənistanın enerji sistemləri ilə inteqrasiyasına, Avropa bazarına çıxışına, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.