...

Prezident İlham Əliyevin Nyu-Yorka səfəri Azərbaycanın qlobal çağırışlara töhfə verməsi baxımından əhəmiyyətlidir - Deputat

Siyasət Materials 25 Sentyabr 2025 12:41 (UTC +04:00)
Prezident İlham Əliyevin Nyu-Yorka səfəri Azərbaycanın qlobal çağırışlara töhfə verməsi baxımından əhəmiyyətlidir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir. Bu səfər həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal çağırışlara töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat bildirib ki, BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin, hökumət başçılarının və beynəlxalq təşkilat nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır:

“Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətlərin mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların qurulması və strateji təşəbbüslərin irəli sürülməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv mövqeyini göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm də qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul olunur”.

Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri və hökumət nümayəndələri, nüfuzlu təşkilatların rəhbərləri ilə görüşləri diqqət mərkəzindədir:

“Bu görüşlər Azərbaycanın xarici siyasətində balanslı, müstəqil və milli maraqlara söykənən kursunun uğurla davam etdirildiyini göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi, nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə mübarizə, regional sülh və təhlükəsizlik məsələlərini əhatə edir. Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə böyük maraqla qarşılanır, çünki ölkəmiz həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanlarının açarı kimi tanınır”.

S.Salmanova son illərdə Azərbaycan diplomatiyasının həm regional, həm də qlobal miqyasda mühüm uğurlar əldə etdiyini bildirib:

“Enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi nəqliyyat layihələri isə Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqidir. Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli tərəfdaş olduğunu sübut edir”.

Parlamentari söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionda aparıcı gücə çevrilib:

“Qarabağda əldə edilən tarixi Qələbə, sonrakı dövrdə sülh təşəbbüsləri və beynəlxalq diplomatik platformalarda aparılan ardıcıl iş dövlət başçısının liderliyinin bariz nümunəsidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın qlobal miqyasda güclənən mövqeyinin və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu səfər həm ölkəmizin milli maraqlarının müdafiəsinə, həm də qlobal əməkdaşlıq proseslərinə mühüm töhfə verir. Azərbaycan artıq dünya birliyində yalnız bir iştirakçı deyil, prosesləri istiqamətləndirən, təşəbbüslər irəli sürən və gələcəyin beynəlxalq gündəliyinin formalaşmasında fəal rol oynayan mühüm aktora çevrilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti