Bakı. Trend:
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal
Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə
aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
"Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə
isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı
13,90 AZN təşkil edir.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə
etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları
“biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə
edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr
avtomatik qaydada təqdim olunur", - qurumdan əlavə olunub.