Bakı. Trend:
Azərbaycanın elektrik enerjisi üçün yeni istehlak mərkəzləri tapılmalıdır.
Trend xəbər verir ki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.
“Hazırda Azərbaycanın elektrik enerjisi bazarında təklif bolluğu müşahidə olunur ki, bu da sahənin inkişafını ləngidir. Ölkədə artıq kifayət qədər böyük həcmdə generasiya gücü mövcuddur. Buna görə də yeni stansiyaların bərpaolunan enerji mənbələri hesabına inşa edilməsi üçün yeni istehlak mərkəzləri tapmaq zəruridir. Yaxın vaxtlarda Azərbaycan çox iri bir qaz elektrik stansiyasını işə salıb. Odur ki, mənim fikrimcə, bu gün əsas məsələ elektrik enerjisi ixracı üçün bazarların tapılmasıdır”, - deyə F.Kitt qeyd edib.
O vurğulayıb ki, Avropa bazarlarına çıxış üçün enerji sektorunun tənzimlənməsinin Aİ tələblərinə uyğunlaşdırılması vacibdir.
“Hökumət artıq bu istiqamətdə addımlar atır və optimal həll yollarının tapılması üçün Beynəlxalq Enerji Agentliyi də daxil olmaqla tərəfdaşlarla fəal məsləhətləşmələr aparır”, - deyə ekspert əlavə edib.