Bakı. Trend:
Müstəqillik dövründə Britaniyanın Azərbaycana qoyduğu investisiyaların ümumi həcmi 30 milyard dolları ötüb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva ADA Universitetində keçirilən Birinci Azərbaycan- Britaniya Siyasi Dialoqunda deyib.
“Əməkdaşlığımız energetika sahəsi ilə məhdudlaşmır. O, bərpa olunan enerji, ətraf mühitin qorunması, təhsil və insan kapitalının inkişafını əhatə edir. Biz birlikdə qlobal çağırışlar, o cümlədən iqlim dəyişikliyi, təhlükəsizlik və dayanıqlı inkişaf üzərində çalışırıq”, - deyə o qeyd edib.
Deputat bildirib ki, Britaniya investisiyaları Azərbaycanın iqtisadiyyatının inkişafına güclü təkan verib və uzunmüddətli ikitərəfli tərəfdaşlığın əsasını qoyub.
Fətəliyeva vurğulayıb ki, Azərbaycan Böyük Britaniyanın bərpa olunan enerji, hidrogen texnologiyaları və “ağıllı” ekoloji həllər sahəsindəki ekspertizasını yüksək qiymətləndirir.
“Bu erkən investisiyalar Azərbaycanın potensialına inamın ifadəsi və həmrəylik nümayişi oldu. Bu gün münasibətlərimiz keyfiyyətcə yeni səviyyəsinə çatıb. Bu yaxınlarda Böyük Britaniyanın Azərbaycanla münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi rəsmi olaraq elan olunub”,- deyə Fətəliyeva əlavə edib.