Bakı. Trend:
Prezident İlham Əliyevin Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz nümunəsidir. Səfər zaman keçirilən mühüm görüşlər Azərbaycanın beynəlxalq siyasətdə nüfuzunun artdığını nümayiş etdirən mühüm hadisə kimi tarixə düşür.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısının dünya liderləri, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbər şəxsləri və iri qlobal şirkətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər bir daha təsdiq edir ki, Azərbaycan regionun sərhədlərini aşaraq beynəlxalq münasibətlər sistemində mühüm tərəfdaş kimi çıxış edir.
A.Həsənova vurğulayıb ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsi təsadüfi deyil: “Azərbaycan hər zaman həm regional, həm də qlobal miqyasda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verib. Azərbaycanın müəllifi olduğu mühüm təşəbbüslər təkcə ölkəmizin maraqlarını deyil, həm də bütün regionun sabitliyini və inkişafını hədəfləyir. Bu gün Azərbaycan qlobal çağırışlara çevik reaksiya verən, təşəbbüsləri ilə beynəlxalq gündəliyi zənginləşdirən ölkə kimi tanınır. Sülh və təhlükəsizlik məsələlərinə verdiyi töhfələr, münaqişələrin həllində nümayiş etdirdiyi prinsipial mövqe ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışları və görüşləri dünya ictimaiyyəti üçün mühüm siqnal oldu”.
Deputat əlavə edib ki, görüşlərdə müzakirə olunan məsələlər arasında dünyamızın gələcəyi üçün strateji əhəmiyyət daşıyan yaşıl enerji mövzusu da xüsusi yer tutub: “Azərbaycan tərəfindən irəli sürülən yaşıl enerji təşəbbüsləri yalnız milli inkişaf planı deyil, həm də qlobal iqlim gündəliyinin bir hissəsidir. 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ilə ölkəmiz beynəlxalq ictimaiyyətə sübut etdi ki, enerji keçidi prosesində etibarlı tərəfdaş və aparıcı mərkəz ola bilər. Keçirilən görüşlər də Azərbaycanın bərpaolunan enerji bazarında güclənən rolunu, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha ortaya qoydu”.
A.Həsənova əlavə edib ki, eyni zamanda, qlobal şirkətlərin rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın iqtisadi mühitinin sabitlik və etibarlılıq üzərində qurulduğunu göstərir: “Xarici investorların diqqəti ölkəyə yeni texnologiyaların gətirilməsinə, innovativ layihələrin reallaşmasına, iqtisadiyyatın şaxələndirilməsinə yol açacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında iştirakı Azərbaycanın beynəlxalq imicini möhkəmləndirməklə yanaşı, həm də yeni əməkdaşlıq üfüqləri açır. Bu, Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə artan nüfuzunun və qlobal proseslərə təsir imkanlarının daha da genişləndiyinin əyani sübutudur”.
