Bakı. Trend:
Dövlət neft-qaz şirkəti SOCAR-ın “yaşıl” bölməsi olan “SOCAR Green” bərpa olunan enerji mənbələri (BEM) sahəsində ümumi gücü 1,66 Qvt olan layihələri həyata keçirir.
Trend xəbər verir ki, bunu SOCAR Green günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyev Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.
Onun sözlərinə görə, SOCAR Green 2024-cü il 1 mart tarixində yaradılıb və SOCAR-ın müasir enerji şirkətinə çevrilməsində əsas zəncirdir. Şirkət “yaşıl” layihələrin inkişafına və karbon izini azaltmaq hədəfinə cavabdehdir: 2035-ci ilə qədər emissiya intensivliyini 30% və mütləq emissiyanı 20% azaltmaq, 2050-ci ilə qədər isə karbon neytrallığına nail olmaq.
Hazırda “SOCAR Green”-in portfelində BƏƏ və Çin ilə əməkdaşlıq çərçivəsində iri layihələr mövcuddur. Masdar ilə birgə ümumi gücü 1 Qvt olan layihələr həyata keçirilir: Biləsuvarda 445 meqavat günəş enerjisi, Neftçalada 315 meqavat günəş stansiyası və Abşeronda 240 meqavat külək parkı. Həmçinin şirkət virtual enerji ötürülməsini nəzərdə tutan “Şəfəq” (240 meqavat) innovativ layihəsi üzərində işləyir; layihə Cəbrayildəki günəş stansiyasından Səngəçal neft-qaz terminalına enerji ötürülməsini təmin edəcək.