Bakı. Trend:
“Şəfəq” günəş enerjisi layihəsi ilə bağlı yekun investisiya qərarı qəbul edilib, bu, bp-nin Azərbaycanda günəş enerjisi sahəsindəki ilk layihəsi və şirkətin ölkə ilə 30 illik strateji tərəfdaşlığı çərçivəsindəki ilk layihəsidir.
Trend xəbər verir ki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən Birinci Azərbaycan Britaniya Siyasi Dialoqu adlı tədbirdə çıxışı zamanı deyib.
“Biz fəxr edirik ki, bu layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırılacaq. Bu layihəyə təkcə kommersiya və mühəndislik əhəmiyyəti yox, həm də milli əhəmiyyət qatır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, layihə təxminən 240 meqavatlıq günəş enerjisi istehsal etməyə imkan verəcək.
“Azərbaycan hökuməti ilə bağlanmış xüsusi sazişə uyğun olaraq, əldə olunan elektrik enerjisi milli enerji sisteminə yönəldiləcək. Əvəzində isə şəbəkənin digər hissələrindən bərabər həcmdə enerji Səngəçal terminalına yönəldiləcək və bp-nin və tərəfdaşlarımızın neft-qaz obyektlərinin fəaliyyətini təmin etmiş olacaq”,- deyə vitse-prezident aydınlaşdırıb.
Aslanbəyli layihənin innovativ xarakterini də qeyd edib: “Mənim fikrimcə, bu enerji keçidi ilə bağlı eşitdiyim ən yaxşı hekayədir. Təkcə bizim layihədir deyə demirəm. Düşünün: zəngin neft-qaz irsinə malik ölkədə ənənəvi enerji şirkəti hidrokarbonlardan əldə etdiyi gəlirin bir hissəsini günəş enerjisinə təkrar investisiya edir. Bu günəş enerjisi isə, öz növbəsində, investisiyaları mümkün etmiş həmin neft-qaz obyektlərinin karbonsuzlaşdırılması üçün istifadə olunur. Nəticədə Səngəçal terminalının istismar müddəti ərzində yaranan emissiyaları 50 faiz azalacaq”.