...

Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci il üçün Azərbaycan ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib

Maliyyə Materials 25 Sentyabr 2025 10:05 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci il üçün Azərbaycan ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın iqtisadiyyatı ilə bağlı proqnozlarını aşağı salıb.

Trend xəbər verir ki, bu barədə sentyabr ayında dərc olunan “Regional Economic Prospects” hesabatında qeyd olunur.

Yenilənmiş məlumata əsasən, Azərbaycanın 2025-ci ildə real ÜDM artımı 2% səviyyəsində gözlənilir. Halbuki may ayında verilən proqnozda bu göstərici 2,1% idi. 2026-cı il üzrə proqnoz dəyişməyib və 2,5% olaraq qalır.

AYİB-in məlumatına görə, Azərbaycanın iqtisadiyyatı 2023-cü ildə 1,4% artıb, 2024-cü ildə isə bu göstərici sürətlənərək 4,1%-ə çatıb. 2025-ci ilin ilk yarısında ÜDM artımı 1,5% təşkil edib.

“Hesabata görə, iqtisadi artım 2024-cü ildəki 4,1%-dən 2025-ci ilin ilk yarısında illik ifadədə 1,5%-ə enib ki, bu da karbohidrogen hasilatının 3,1% azalması ilə bağlıdır. Bununla belə, qeyri-neft sektoru tikinti, ticarət və turizmin hesabına 3,8% artım nümayiş etdirib. Hazırda qeyri-neft sektorları ÜDM-in üçdə ikisindən çoxunu formalaşdırır. İnflyasiya 2024-cü ildə orta hesabla 2,2% olduğu halda, 2025-ci ilin səkkiz ayı ərzində 5,6%-ə yüksəlib ki, bu da ərzaq məhsulları və xidmətlərin bahalaşması ilə izah olunur. 2025-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7,0%-ə endirib və bununla da 2023-cü ilin sonundan bəri ümumi yumşaldılmanı 200 baza bəndinə çatdırıb. Halbuki inflyasiya hədəf koridorunun (4% ±2) yuxarı həddinə yaxınlaşıb”,- hesabatda vurğulanır.

AYİB bildirir ki, ölkənin fiskal və xarici ehtiyatları güclü olaraq qalmaqdadır.

“2025-ci ilin birinci yarısında dövlət büdcəsi ÜDM-in 4,4%-i həcmində profisitlə icra olunub ki, bu da 2024-cü ilin göstəricisindən bir qədər aşağıdır. Bununla belə, gəlirlər və neftin qiyməti proqnozları üstələyib. Beynəlxalq ehtiyatlar (Azərbaycan Dövlət Neft Fondunun - SOFAZ/ARDNF aktivləri daxil olmaqla) 2025-ci ilin ortalarınadək 78,8 milyard ABŞ dollarına çatıb və bu, üç ildən artıq idxalı ödəməyə kifayət edir. Nəticədə, “Moody’s” agentliyi 2025-ci ilin iyun ayında Azərbaycanın suveren reytinqini Baa3 səviyyəsinə yüksəldib və dövlət maliyyəsinin dayanıqlığını qeyd edib. Real ÜDM-in 2025-ci ildə 2%, 2026-cı ildə isə 2,5% olacağı proqnozlaşdırılır. Sabit qeyri-neft sektoru artımı neft-qaz sənayesindəki zəifləməni kompensasiya edəcək. Əsas risklər enerji resurslarının qiymətlərində dalğalanma, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasətlə bağlıdır. Bununla yanaşı, Aİ ilə enerji əməkdaşlığı, Orta Dəhlizin genişlənməsi və ABŞ tərəfindən dəstəklənən Ermənistanla sülh təşəbbüsü yeni ticarət marşrutlarının açılması və investor etimadının möhkəmlənməsi üçün imkanlar yaradır”, – sənəddə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti