Bakı. Trend:
Dünya bankı elektrik enerjisinin paylanması və ötürülməsi sisteminə aid iri layihə üzrə Azərbaycanla əməkdaşlıq edir.
Bunu Trend-ə Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025) çərçivəsində özəl müsahibəsində deyib.
“Hazırda biz hökumətlə birlikdə böyük bir layihə hazırlayırıq ki, bu layihə Azərbaycanda elektrik enerjisinin bölgüsü və ötürülməsi sisteminin gücləndirilməsinə əsas olacaq. Hazırkı mərhələdə diqqətimiz məhz bu istiqamətdədir. Gələcəkdə Dünya Bankı Azərbaycan hökumətindən ölkənin hansı sahələrdə tərəfimizdən maliyyə dəstəyinə ehtiyac duyduğuna dair prioritet istiqamətləri bildirməsini gözləyəcək”, -deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Dünya Bankı beynəlxalq publik maliyyə strukturu olaraq üzv ölkələrin tələbləri əsasında fəaliyyət göstərir.
“Azərbaycan Dünya Bankının üzvüdür və Vaşinqtondakı İdarə Heyətində təmsil olunur. Buna görə də hökumətin prioritet istiqamətləri müəyyən etməsini və bizimlə birlikdə maliyyənin hansı sahələrə yönəldilməsinin məqsədəuyğun olduğunu qərarlaşdırmasını gözləyirik. Biz öz tərəfimizdən enerji keçidi sahəsində ən vacib layihələrin müəyyən olunmasına texniki yardım göstəririk”,-deyə Dünya Bankının nümayəndəsi vurğulayıb.
O əlavə edib ki, bu prosesdə digər maliyyə təşkilatları ilə əlaqələndirmə də zəruridir.
“Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi institutlar da var. Biz maliyyələşdirmə həcmini artırmaq və bəzən prosesi ləngidən bürokratik maneələri aradan qaldırmaq üçün daha fəal əməkdaşlıq etməyə çalışırıq. Məqsədimiz daha sürətli və səmərəli fəaliyyət göstərməkdir”,- Kitt söyləyib.