Bakı. Trend:
Qazaxıstanda yanacağa sərbəst qiymətqoymanın tətbiqi ölkədə yanacaq-sürtkü materiallarının (YSM) qanunsuz çıxarılmasının qarşısını almağa, tədarük bazarlarını sabitləşdirməyə və kəsiri azaltmağa kömək edəcək.
Trend xəbər verir ki, bunu Qazaxıstanın “RV- Oil&Gas” şirkətinin baş direktoru Rəsul Abduxalilov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında söyləyib.
“Bununla yanaşı, bu addım birja ticarətinin inkişafı və uzaq regionlarda avtomobil yanacaqdoldurma məntəqələrinin şəbəkəsinin genişləndirilməsi üçün əlavə stimul yaradacaq. Regional bazara təsirinə gəlincə, gözlənilir ki, tənzimləmənin ləğvi qonşu ölkələrlə qiymətlərin tədricən bərabərləşməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.
Rəsul Abduxalilovun sözlərinə görə, sərhədyanı regionlarda bu, bazar arbitrajı üçün daha çox imkan yaradacaq. Rusiyanın neft emalı zavodlarına yaxın olan bölgələr onları potensial təchizatçı kimi nəzərdən keçirəcək.
“Beləliklə, əvəzləmə sistemi üzrə axınların yenidən bölüşdürüləcəyini proqnozlaşdırmaq olar: məsələn, YSM Rusiyadan Qazaxıstanın şimalına gətiriləcək, Qazaxıstandan isə yanacaq Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Bu, logistika xərclərinin azalmasına, nəticə etibarilə isə Mərkəzi Asiyada topdansatış və pərakəndə qiymətlərin enməsinə imkan verəcək”, - deyə Abduxalilov deyib.