...

Azərbaycanda günəş enerjisi layihələrində robotlaşdırılmış təmizləmə sistemlərimizi təqdim edə bilərik - Çin şirkəti

İqtisadiyyat Materials 25 Sentyabr 2025 14:59 (UTC +04:00)
Azərbaycanda günəş enerjisi layihələrində robotlaşdırılmış təmizləmə sistemlərimizi təqdim edə bilərik - Çin şirkəti
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ənənəvi enerji ixracatçısı kimi tanınan Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesində mühüm rol oynayır və Avrasiya məkanında yeni enerji mərkəzinə çevrilir.

Trend xəbər verir ki, bunu Çinin "Sol-Bright" şirkətinin Qlobal Satış direktoru Kaik Çao Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycanın energetika nazirliyinin məlumatına görə, ölkədə böyük həcmli külək və günəş enerjisi layihələrinin inkişafı planlaşdırılır: "Bu isə təmiz enerjinin effektiv idarə olunması və istifadəsi məsələsini ön plana çıxarır.

Mütəxəssislər bildirirlər ki, bu sahədə qarşıya çıxan əsas problemlərdən biri günəş panellərinin çirklənməsi (soiling) məsələsidir. Panellərin tez-tez və düzgün təmizlənməməsi onların gücünü illər ərzində ciddi şəkildə azaldır. Ənənəvi üsullarda su, yük maşınları və işçi qüvvəsi tələb olunur ki, bu da həm maliyyə, həm də təhlükəsizlik baxımından risklər yaradır".

Şirkət rəsmisinin sözlərinə görə, son illərdə tətbiq olunan robotlaşdırılmış təmizləmə həlləri isə bu problemlərin aradan qaldırılmasına mühüm töhfə verir: "Belə texnologiyalar vasitəsilə günəş panellərinin gündəlik və ya həftəlik təmizlənməsi təmin olunur ki, bu da enerji istehsalını 15–25% artırır. Araşdırmalar göstərir ki, bəzi layihələrdə robot təmizləməsi nəticəsində istehsal gücü 20%-ə qədər yüksəlib, sərmayənin geri dönüş müddəti isə cəmi 1,5-2 il olub.

Ənənəvi üsullarla müqayisədə robot texnologiyası istismar xərclərini 90%-dən çox azaldır, panellərin zədələnmə riskini isə 10–30% aşağı salır. Bundan başqa, bu həllər insan resurslarından istifadənin minimuma endirilməsi ilə təhlükəsizlik baxımından da üstünlük yaradır".

K. Çao vurğulayıb ki, robotların tətbiqi artıq Oman, BƏƏ və Hindistan kimi ölkələrdə sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub: "Məsələn, Hindistanda aparılan layihədə panellərin yerləşdiyi ərazi səhralıq olmasa da, quru iqlim və tozlanma səbəbindən robotların istifadəsi nəticəsində istehsalda 12%-lik artım qeydə alınıb.

Mütəxəssislərin fikrincə, robotlaşdırılmış təmizləmə sistemləri günəş enerjisi layihələrində artıq əlavə xərclər deyil, əksinə strateji aktiv kimi dəyərləndirilməlidir. Bu texnologiyalar panellərin keyfiyyətini və ömrünü qorumaqla yanaşı, uzunmüddətli perspektivdə enerji istehsalını maksimuma çatdırmağa imkan verir".

Şirkət nümayəndəsi vurğulayıb ki, Azərbaycanda da bu sahədə potensial yüksəkdir: "Günəş panellərinin üzərinə quş tullantıları və toz yığılması problemləri müşahidə olunan ərazilərdə robotların tətbiqi onların istismar müddətini uzadaraq, ölkənin bərpaolunan enerji strategiyasına töhfə verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti