Bakı. Trend:
Prezident İlham Əliyevin son Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal gündəmdə strateji aktora çevrilməsinin növbəti göstəricisi oldu. Səfər çərçivəsində keçirilmiş çoxsaylı yüksək səviyyəli görüşlər, xüsusilə də qarşı tərəfin təşəbbüsü ilə baş tutması, Azərbaycanla əməkdaşlıq istəyinin artdığını və ölkəmizə olan marağın gücləndiyini açıq şəkildə nümayiş etdirdi. Bu görüşlər təkcə diplomatik formalılıqdan ibarət deyildi. Əksinə, hər biri Azərbaycanın regional sabitlikdə rolu, sülh təşəbbüsləri, enerji təhlükəsizliyi və qlobal tərəfdaşlıq potensialı kontekstində əhəmiyyət kəsb edirdi.
Bu ilin avqustunda Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan çərçivə sülh sazişi bu səfər zamanı bir çox ölkələr tərəfindən dəstəkləndi və tarixi nailiyyət kimi qiymətləndirildi. Ölkələrinin bu təşəbbüsə müsbət reaksiyası Azərbaycanın yalnız regional deyil, qlobal sülh təşəbbüskarına çevrildiyini sübut edir.ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət və səmimi fikirlər, iki lider arasında formalaşmış qarşılıqlı etimadın diplomatik əlaqələrə müsbət təsir göstərdiyini göstərdi.
Nyu-Yorkda ABŞ və Avropa ölkələrinin böyük investisiya şirkətləri ilə keçirilən görüşlər də Azərbaycanın enerji ixracatı baxımından strateji tərəfdaş statusunu möhkəmləndirir. Qaz ixracının Avropa Birliyi üçün alternativ mənbə kimi dəyərləndirilməsi, Azərbaycanın qlobal enerji bazarındakı çəkisinin artmasına şərait yaradır.
Azərbaycanın BMT ilə əməkdaşlığı tarixi köklərə və strateji yanaşmalara söykənir. 1992-ci ildən üzv olan Azərbaycan bu gün artıq BMT çərçivəsində aktiv təşəbbüskar, humanitar donor və qlobal tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanınır.
Prezident İlham Əliyevin 2004, 2010 və 2017-ci illərdə BMT Baş Assambleyasında çıxışları, həmçinin Təhlükəsizlik Şurasında 2012-ci ildə sədrlik etməsi, Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında aktiv rolunu göstərir.Azərbaycan həmçinin 140 ölkəyə dəstək, COP29, 2016 Qlobal Forum və pandemiya dövründə peyvənd bərabərliyi təşəbbüsləri kimi sahələrdə beynəlxalq birliyin etimadını qazanmışdır.
BMT Baş katibinin 9 avqust 2025-ci il tarixli bəyanatı da bu etimadın bariz göstəricisidir. Bu bəyanatda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış saziş, regionda sabitlik baxımından mühüm mərhələ kimi qiymətləndirilib. Azərbaycanın təqdim etdiyi itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsü, ölkənin təkcə öz vətəndaşlarının deyil, beynəlxalq hüququn və humanizmin müdafiəçisi kimi çıxış etdiyini sübut edir. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını Azərbaycanın öz gücü ilə təmin etməsi isə, beynəlxalq sistemdə ikili standartlara qarşı praktiki və hüquqi əsaslı cavab modelidir.BMT ilə uğurlu əməkdaşlığın davamı olaraq, 2026-cı ildə Bakının Dünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyi bildirilib. Bu hadisə, Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və urbanizasiya siyasətinin beynəlxalq səviyyədə tanındığını göstərir.
Prezident İlham Əliyevin ABŞ səfəri sadəcə bir diplomatik hadisə deyil, Azərbaycanın böyük güclərlə əməkdaşlıq modelini uğurla quran, bölgədə sülhə real töhfə verən, qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrilən və beynəlxalq platformalarda təşəbbüskar dövlət statusunu bir daha təsdiqlədi.Azərbaycan artıq beynəlxalq sistemin periferiyasında deyil, mərkəzinə doğru irəliləyən və bu sistemin fəal dizaynerlərindən biri olan ölkədir.