Bakı. Trend:
Azərbaycan batareya enerji saxlama sistemləri (BESS) üzrə perspektivli bazarlardan biridir.
Trend xəbər verir ki, bunu Çinin "GoodWe" şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə ölkə meneceri Engel Tastan Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, batareya enerji saxlama sistemlərinə (BESS) investisiya üçün qərar verməzdən əvvəl investorlar ilk növbədə elektrik şəbəkəsinin sabitliyi, tutumu və hökumətin günəş və külək enerjisi sahəsində tətbiq etdiyi qaydaların dəstəklənməsinə diqqət yetirməlidirlər: "Əgər istehsal yüksək, şəbəkə isə sabitdirsə, bu, investorların qərarına müsbət təsir göstərən mühüm amillərdəndir. Yəni hər bir investor investisiya addımı atmazdan öncə həmin ölkənin şəbəkəsinin vəziyyətini, tutumunu və yüklənmə səviyyəsini qiymətləndirir".
Şirkət rəsmisi vurğulayıb ki, batareya enerji saxlama sistemlərinə gəldikdə, Azərbaycan bu baxımdan perspektivli bazarlardan biridir: "Lakin ilk mərhələdə hökumət günəş və külək enerjisi layihələrinin reallaşdırılması üçün hüquqi və institusional dəstəyi təmin etməlidir. Ən düzgün yanaşma hökumətin bu sahədə beynəlxalq təcrübəyə malik mütəxəssislərlə müzakirələr aparmasıdır. Çünki müxtəlif bazarlarda qazanılmış təcrübə əsasında investorların inamını qazanmağa imkan verən ən səmərəli qaydalar müəyyən edilə bilər".
"Günəş və külək enerjisi layihələrinə investisiya mərhələsi tamamlandıqdan sonra isə bazarda şəbəkənin balanslaşdırılması və digər ehtiyaclar üçün BESS-in tətbiqi müzakirə oluna bilər", - Engel Tastan əlavə edib.