Bakı. Trend:
Emissiya kvotalarının bahalaşması ilə əlaqədar bunker yanacağının dəyəri artmaqda davam edəcək.
Trend xəbər verir ki, bunu “Marine Bunker Exchange” (MABUX) icraçı direktoru Sergey İvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında deyib.
Sergey İvanov vurğulayıb ki, Avropada 2024-cü il yanvarın 1-dən emissiya ticarəti sistemi tətbiq olunub və bu çərçivədə gəmi sahibləri və operatorlar karbon qazı emissiyalarına görə kvotalar əldə etməyə məcburdurlar. 2024-cü ilə dair kvotaların ödənişi üzrə ilk dedlayn gəmi sahibləri və operatorlar üçün cari ilin oktyabr ayında müəyyən edilib.
Onun sözlərinə görə, emissiya kvotalarının artması tədricən bahalaşmaya gətirib çıxaracaq. Belə ki, 2025-ci ildə bunker yanacağının qiyməti adi dəyərə nisbətdə 17 faiz, 2026-cı ildə isə 22 faiz artacaq.
Proqnozlara əsasən, 2036-cı ilə qədər dəniz qazoylunun qiyməti tonuna görə 1 200 dollara, aşağı kükürdlü mazutun qiyməti isə təxminən 1 000 dollara yaxınlaşacaq.