Bakı. Trend:
Nazarbayev Universiteti Azərbaycan ali təhsil müəssisələri ilə tərəfdaşlığı genişləndirmək niyətindədir.
Bunu Trend-ə Nazarbayev Universitetinin akademik planlaşdırma və büdcə üzrə prorektorunun müavini Aida Saqintayeva Bakıda keçirilən Avrasiya universitetləri sammiti çərçivəsində bildirib.
"Biz ADA Universitetini ziyarət etdik və onun inkişafından çox təsirləndik. Bizim ortaq cəhətlərimiz var – bu, bütün region üçün aktual olan mövzularda araşdırmaların aparılması, insan kapitalının inkişafı, mütəxəssis hazırlığı, yeni təhsil proqramları və gənc istedadların dəstəklənməsidir", - deyə o bildirib.
Saqintayeva qeyd edib ki, Azərbaycan universitetləri ilə əməkdaşlıq üç istiqamətdə nəzərdən keçirilir: birgə tədqiqatlar, tələbə və müəllim mübadiləsi, həmçinin beynəlxalq layihələrdə iştirak.
"Qazaxıstanlı tələbələr Azərbaycanda təhsil almağa böyük maraq göstərirlər, onlar buradakı tədris səviyyəsi və elmi tədqiqatlarla tanış olmaq istəyirlər. Düşünürəm ki, elə azərbaycanlı tələbələr üçün də bizdə təhsil almaq faydalı olar. Müəllimlər arasında da təcrübə mübadiləsinin aparılması vacibdir”– deyə o vurğulayıb.