Bakı. Trend:
Azərbaycanın enerji səmərəliliyi haqqında qanunu enerji auditi tələbini gündəmə gətirir və bu da metodologiyaların öyrənilməsini, insan resurslarının hazırlanmasını və son istifadəçilər arasında məlumatlılığın artırılmasını vacib edir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
O vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyi qanunu qəbul edilib və hazırda qanuna əsaslanan digər normativ aktlar və metodologiyalar hazırlanır: "Artıq minimum enerji səmərəliliyi göstəriciləri mövcuddur. Həmçinin enerji auditi hökumət tərəfindən tələb olunacaq. Bu auditi uğurla həyata keçirmək üçün metodologiyanın yaxşı anlaşılması, kifayət qədər daxili resursların hazırlanması və son istifadəçilərin minimum enerji səmərəliliyi göstəricilərinin tətbiqinin faydaları barədə məlumatlandırılması vacibdir".
"Beləliklə, Azərbaycan bu tələblərə keçid mərhələsinə çox yaxındır və artıq bu göstəriciləri qəbul edənlər ilk olaraq bu sahədə aparıcı rol oynayacaqlar", - deyə L. Hüseynli qeyd edib.