Bakı. Trend:
Universitetlər və sənaye arasında qarşılıqlı fəaliyyət texnologiyanın sürətli tərəqqisi şəraitində xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən "I Azərbaycan Britaniya Siyasi Dialoqu" adlı tədbirdə çıxışı zamanı deyib.
“Universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlıq indiyə qədər heç vaxt bu qədər aktuallıq qazanmayıb. Biz nəhəng texnoloji nailiyyətlərin - rəqəmsallaşmanın və yeni texnologiyaların tətbiq olunduğu bir dövrdə yaşayırıq. Bu texnologiyalar həyatımızın müxtəlif sahələrinə -sosial sahəyə, iqtisadiyyata və ya sənayeyə təsir edir və gələcəkdə də təsir edəcək”, - deyə o bildirib.
Bəxtiyar Aslanbəyli qeyd edib ki, məhz bu kontekstdə birgə tədqiqatlar və innovasiyalar üçün böyük imkanlar açılır.
“Hər bir sahədə əhəmiyyətli tədqiqat potensialı mövcuddur və universitetlər onun reallaşmasında əsas rol oynaya bilərlər. Universitetlərlə sənaye arasında dialoqu davam etdirmək vacibdir ki, hər iki tərəf bu əməkdaşlıqdan maksimum faydalana bilsin”, – deyə o əlavə edib.
Bundan savayı, onun sözlərinə görə, şirkət Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil proqramlarının inkişafını dəstəkləyir.
“Bizim birgə bərpaolunan enerji proqramımız var — bu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Böyük Britaniyanın Uorik Universiteti arasında ikili diplom proqramıdır. Proqramın məqsədi bərpaolunan enerji sahəsində yeni layihələri idarə edə bilən mütəxəssislər yetişdirməkdir”,- deyə Bəxtiyar Aslanbəyli yekunlaşdırıb.