Bakı. Trend:
Almaniya və Danimarkadan şirkətlərlə birgə istilik qazanxanalarının vəziyyəti analiz edilir, həll yolları təqdim olunur və qanuni çərçivə hazırlanır.
Trend xəbər verir ki, bunu "Energazer" MMC-nin təsisçisi və icraçı direktoru Süleyman Məcidli Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
"Azərbaycan Dünya Bankı və Asiya İnkişaf Bankı (ADB) ilə istilik sistemlərində enerji səmərəliliyini yüksəltmək üçün əməkdaşlıq edir. Texniki dəstək layihələrinə misal olaraq, istilik sistemi üçün ADB tərəfindən 1.1 milyon ABŞ dolları qrant ayrılıb. Almaniya və Danimarkadan şirkətlərlə birgə istilik qazanxanalarının vəziyyəti analiz edilir, həll yolları təqdim olunur və qanuni çərçivə hazırlanır", - o qeyd edib.
Şirkət rəhbəri vurğulayıb ki, Azərbaycan üçün bu sahə hələ yeni sayılır: "Qeyd etmək lazımdır ki, Prezidentin 2024-cü il 1 mart tarixli 13 nömrəli sərəncamı ilə Enerji Səmərəliliyi Fondu yaradılıb. Həm dövlət, həm də özəl sektor, şirkətlər bu fondun istifadəsini daha da aydınlaşdırmaq üçün işləyir. Hədəflərimiz məlumdur, amma bunu həyata keçirmək üçün ilkin mərhələdə müəyyən struktur və planlama tələb olunur".
S. Məcidli Azərbaycanın energetika nazirliyinin ilə birgə həyata
keçirdikləri və planlaşdırdıqları layihələrdən də danışıb: "Biz bir
il əvvəl Energetika Nazirliyi tərəfindən keçirilmiş tenderdə biz
qalib gəldik. Tender çərçivəsində evlərdə və sənaye müəssisələrində
auditlər aparmaq üçün seçilmişik. Belə ki, yüksək enerji sərfiyyatı
olan 40 fabrikin məlumatları toplanmış və bunlardan 7-də nümunəvi
auditlər həyata keçirilmişdir. Bu müddət ərzində enerji
səmərəliliyi üçün böyük potensialın olduğunu müşahidə etdik.
Hal-hazırda biz iki əsas layihə üzərində işləyirik: biri yenidən
Energetika Nazirliyi ilə həyata keçirilən kogenerasiya (əsas
istilik və elektrik istehsalı) layihəsidir, digəri isə Asiya
İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi istilik sistemlərinin
dekarbonizasiyası və bərpa olunan enerji inteqrasiyası layihəsi və
texniki dəstəkdir".