Bakı. Trend:
Layihəmizin əsas məqsədi universitetlərimizin Qarabağ Universitetinə hansı töhfələri verə biləcəyini müzakirə etməkdir.
Bu sözləri Trend-ə açıqlamasında İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar deyib.
O bildirib ki, layihə çərçivəsində görüşlər çox uğurlu keçib:
"Can Azərbaycan ilə mədəni layihələrimizi həyata keçirmək məqsədilə başladığımız layihə çərçivəsində Azərbaycana səfərimiz başladı. İlk olaraq proqramımıza və layihəmizə dəstək verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, hörmətli Fuad Muradovla görüş keçirdik. Bizimlə toplantı keçirərək ən gözəl qonaqpərvərlik nümunəsini göstərən hörmətli sədrə təşəkkür edirik. Bu görüşdə çox gözəl layihələr ortaya qoyuldu. Xüsusilə layihəmiz çərçivəsində bizimlə birgə hərəkət edən, bizimlə Azərbaycana səfər edən Erzurum, İğdır, Ağrı, Van, Qars, Artvin, Ardahan və Bolu Universitetlərinin rektorları arasında çox maraqlı layihələr təqdim olundu. Görüşümüz uğurlu keçdi”.
“Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinə səfərimiz baş tutdu. Ardınca Elm və Təhsil Nazirliyini ziyarət etdik. Allah qismət etsə, əsas məqsədimiz, layihəmizin əsas məqsədi – Qarabağ Universitetini ziyarət etmək, 8 universitetimizin bu Qarabağ Universitetinə hansı töhfələri verə biləcəyini müzakirə etmək, orada müvafiq işləri həyata keçirməkdir. Qismət olsa, ora gedəcəyik və bu fəaliyyətlərimizi gerçəkləşdirəcəyik. Oradakı məqsədimiz gənclərimizə milli ruhumuzu, Türkiyə–Azərbaycan qardaşlığını aşılamaq və yeni açılan Qarabağ Universitetinə rektorlar olaraq, universitetlər olaraq hansı töhfələri verə biləcəyimiz mövzusunu müzakirə etməkdir”,- deyə o qeyd edib.
Xatırladaq ki,Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.