Bakı. Trend:
Yaşıl enerjinin regional mərkəzi kimi Azərbaycanın potensialı təkcə ölkə üçün deyil, bütün dünya üçün yeni imkanlar açır.
Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi"ndə çıxışında deyib.
O qeyd edib ki, uğurun əsas amillərindən biri enerji səmərəliliyinin artırılması ola bilər ki, bu da ölkə daxilində qazdan qənaətlə istifadəyə və onu daha yüksək qiymətə ixrac etməyə imkan verərək büdcəyə əhəmiyyətli əlavə gəlir gətirəcək.
Onun sözlərinə görə, Azərbaycanda binaların təxminən 90 faizi qazla isidilir və əhali üçün daxili tariflərlə qazın ixrac qiyməti arasındakı fərq ciddi iqtisadi potensial yaradır.
“Enerji səmərəliliyi sayəsində hansı həcmdə qaza qənaet etməyin mümkün olduğunu hesablasaq və onu ixrac etsək, bu ölkəyə əlavə gəlir gətirəcək və həmin gəlir “yaşıl” iqtisadiyyatın daha da inkişaf etdirilməsinə yönəldilə bilər”, - deyə Leyla Hüseynli vurğulayıb.
Ekspert həmçinin qeyd edib ki, bərpa olunan enerji sahəsində, o cümlədən yaşıl hidrogen üzrə dövlət-özəl tərəfdaşlıqla həyata keçirilən layihələrin inkişafı Azərbaycanın bərbaolunan enerji sahəsində gələcək regional hab kimi mövqeyini gücləndirir.